Azərbaycanda icbari tibbi sığortanın tətbiq ediləcəyi vaxt açıqlandı

19 May 2016 16:44 (UTC+04:00)

"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə 6-9 ay müddətinə davam edəcək. Bundan sonra rayonların seçilməsi və işin necə qurulması məlum olacaq". Bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev jurnalistlər üçün keçirilən təlimdə çıxış edərkən deyib. Z. Əliyev onu da qeyd edib ki, ilkin icbari tibbi sığorta modeli olan layihə mayın sonu, iyunun əvvəlində ölkə rəhbərliyinə təqdim ediləcək: "Model ölkə başçısı tərəfindən təsdiq edildikdən sonra, pilot tətbiqinə start veriləcək. Biz də bu zaman müddətində öz səhvlərimizi, sistemdə olan çatışmazlıqların nədən ibarət olduğunu öyrənib, nöqsanları aradan qaldıracağıq. Daha sonra isə icbari tibbi sığortanın geniş tətbiqinə start veriləcək".

Z.Əliyev bildirib ki, model ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir: "Gecikmənin obyektiv və subyektiv səbəbləri olub. Ancaq biz gələcəyə baxsaq, daha yaxşı olar. Aidiyyəti üzrə qurumlarla müzakirələr aparılıb və işlər yekunlaşmaq üzrədir. Mayın sonu iyunun əvvəlində ilkin model layihə ölkə rəhbərliyinə təqdim ediləcək. Yalnız bundan sonra bütün suallar öz cavabını tapmış olacaq".