Xəzərin status probleminin çözümü Azərbaycana böyük iqtisadi dividendlər gətirəcək

20 May 2016 07:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi İqor Bratçikov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Xəzərin hüquqi statusu haqda danışıqlar bu il uğurla yekunlaşa bilər. Onun sözlərinə görə, Astanada keçiriləcək sammitdə Xəzəryanı ölkələrin dənizin hüquqi statusu üzrə konvensiyanı qəbul edəcəyinə şanslar böyükdür: "Hər 5 ölkənin siyasi iradəsinin olacağı təqdirdə Konvensiyanın Qazaxıstanda keçiriləcək sammitdə imzalanması mümkündür".

Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 Xəzəryanı ölkədən Azərbaycan, Rusiya və Qazaxıstan arasında demək olar ki, heç bir problem yoxdur. Ancaq Azərbaycanla İran və Türkmənistan arasında statusla bağlı məsələdə fikir ayrılıqları qalmaqdadır. Belə ki, Tehran hələ də Xəzərin statusunun çözümünü 5 ölkə arasında hər birinə 20 faiz düşməklə bərabər şəkildə bölünməsini nəzərdə tutan prinsiplərlə həll edilməsində görür. Bakı ilə Aşqabad arasında isə dənizdəki bəzi yataqların kimə məxsus olması istiqamətində fikir ayrılıqlarına tam şəkildə son qoyulmayıb. Həmçinin, bu məsələsə Tehranla Aşqabad arasında da vahid mövqe yoxdur. Bunun nəticəsidir ki, uzun illərdir müzakirə predmeti olmasına baxmayaraq, hələlik Xəzərin statusu ilə bağlı məsələ son nöqtəsinə çatmayıb. Lakin indi görürük ki, Xəzəryanı dövlətlərin Astana sammiti ərəfəsində Rusiya rəsmisi status məsələsində bir qədər optimist danışır.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Xəzərin statusu məsələsində o qədər də optimist olmadığını söylədi: "Xəzərin hüquqi statusunun müəyyən edilməsinin illərlə uzadılması, bu istiqamətdə maneələrin yaradılması birbaşa dənizin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılması ilə bağlıdır. Bilirsiniz ki, keçmiş sovetlər birliyi dağıldıqdan sonra Qərbin Xəzər regionunda əsas hədəflərindən biri dənizin karbohidrogen ehtiyatlarının Avropaya daşınması məsələsidir. Statusun müəyyən edilməsi yolunda başlıca problemlərdən biri odur ki, Rusiya və İran əsasən Mərkəzi Asiyanın zəngin karbohidrogen ehtiyatlarının Qərbə daşınmasına qısqanclıqla yanaşırlar. Bu kontekstdə Xəzərin hüquqi statusunun nəhayət müəyyən edilməsi və konvensiyanın imzalanması o deməkdir ki, baş tutacağı təqdirdə gələcəkdə Türkmənistan karbohidrogen ehtiyatlarının böyük həcminin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması əvvəl-axır mümkün olacaq. Amma statusun cari ildə müəyyən olunması məsələsinin nə dərəcədə ciddi olduğunu indidən söyləmək mümkün deyil.

Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Bratçikov Xəzərin bu il hüquqi statusunun müəyyən ediləcəyinə dair bəyanatla çıxış edirsə, bundan əvvəl niyə Xəzərin dibilə hər hansı bir karbohidrogen ehtiyatları üzrə ixrac kəmərinin çəkilməsini mümkünsüz sayırdılar? Onlar bu iddialarını da Xəzərin aktiv seysmik zonada yerləşməsilə əlaqələndirirlər. Bu səbəbdən Moskvanın fikrincə, Xəzərin dibilə hər hansı ixrac kəmərinin çəkilişi dənizin ekoloji mühitinə ciddi təsir göstərə bilər. Ancaq sovetlər dönəmində Türkmənistanın qaz nəql sistemilə Azərbaycanın qaz nəql sistemini birləşdirən kəmər mövcud olub. Həmin dövrdə türkmən qazı Azərbaycan üzərindən Zaqafqaziya respublikalarına ixrac edilirdi. Həmin kəmər də mövcudluğu dövründə ciddi problemlərlə üzləşməyib. Yəni, ekoloji fəlakətə səbəb olacaq hadisələr baş verməyib. Hesab edirəm ki, Xəzərin hüquqi statusu həqiqətən də müəyyən olunar və konvensiya layihəsi imzalanarsa, bu halda Türkmənistan karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Gürcüstan, Türkiyə vasitəsilə Avropaya daşınması mümkünləşəcək.

Avropa İttifaqının enerji sahəsində Türkmənistanla Əməkdaşlıq Memorandumu var. ABŞ və Avropa siyasi mərkəzləri mütəmadi olaraq Türkmənistan dövlətilə bu ölkənin təbii qaz qaynaqlarından hasil edilən qazın məhz Azərbaycan tərəfdən Qərbə daşınmasını hədəfləyiblər. Burada söhbət "Transxəzər" layihəsindən gedir. ABŞ və Avropa siyasi mərkəzləri "Transxəzər" layihəsinə "Cənub Qaz Dəhlizi"nin bir elementi kimi baxırlar. Bu baş tutarsa. "Transxəzər" layihəsi TAP, TANAP, Cənubi Qafqaz Boru kəmərlərindən sonra artıq 4-cü element olacaq,. Xəzərin statusunun müəyyən edilməsinin Azərbaycana verəcəyi müsbət cəhətlərdən biri bundan ibarətdir. Xəzərin hüquqi statusunun müəyyən olunmasında təhlükəsizlik, ekoloji problem kimi digər amillər də var. Amma hesab edirəm ki, adı çəkilən konvensiya layihəsi imzalanarsa, türkmən qazı qısa müddətdə, 2020-ci ildən sonra Avropa bazarlarına daxil olaraq bu bazarda özünə müəyyən yer alacaq.

Lakin status məsələsinin yaxın dövrlərdə sonacan öz həllini tapacağına inanmıram. İrana tətbiq olunan sanksiyalardan sonra Tehran bu məsələdə bir qədər müşahidəçi mövqedə dayanmışdı. Düzdür, Xəzərin hüquqi statusunun müəyyən edilməsində Azərbaycanla Qazaxıstan və Rusiya arasında elə bir problem yoxdur. Bu ölkələr arasında Xəzər akvatoriyası üzrə artıq bəlli sərhədlər var. Amma Xəzərin sektorlarala bölünməsi məsələsində İranla Azərbaycan, habelə Aşqabadla Bakı arasında fikir ayrılıqları qalmaqdadır. Həmçinin, Türkmənistanla İran arasında da bu sahədə fikir ayrılığı mövcuddur. Konvensiya layihəsi imzalandığı təqdirdə, bu problemlər qısa müddətdə aradan qaldırılacaq. Onda da Xəzər regionunda yeni bir siyasi vəziyyətin formalaşmasının şahidi ola bilərik".