Qarabağ konfliktinin həllində vacib mərhələ başlanır

20 May 2016 08:00 (UTC+04:00)

Vyana görüşünün ardınca gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin yenidən görüşəcəyi gözlənilir. İndi bütün ümidlər bu görüşədir. Düzdür, bir neçə gün öncə başa çatan Vyana təmaslarında konfliktin real həlli istiqamətində ciddi addımların atılmadığı müşahidə olundu. Bu fonda ümid edilir ki, iyunda baş tutması gözlənilən görüşdə münaqişə ətrafında konkret təkliflər müzakirə olunsun.

Politoloq Elxan Şahinoğlunun qənaətincə, prezidentlərin iyun görüşündə konkret olaraq təkliflər ətrafında müzakirələr aparılmasa, bu hal cəbhədə vəziyyəti yenidən gərginləşdirəcək: "Gözləyirik ki, iyun görüşünə qədər vasitəçi dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri konkret təkliflər paketilə çıxış etsinlər. Habelə Ermənistana daimi sülh üçün vacib olan mərhələli həll planının qəbulunu və Dağlıq Qarabağ ətrafındakı işğal olunan rayonların boşaldılmasını anlatmalıdırlar. Bu təkliflər müzakirə olunmayacaqsa, ona qədər heç bir addım olmayacaqsa, aydındır ki, iyundakı danışıqların da real nəticəsi olmayacaq. Çünki prezidentlər qarşılarında hər hansı bir təklif yoxdursa, iki-üç saat danışıq aparmaqla nə nəticə əldə edə bilərlər ki?!

İyun görüşündə nəticə olmasa, bu, artıq əvvəlki illərdə olduğu kimi imitasiya xarakteri daşıyacaq. Ona görə bu görüşdən nəticə hasil olmayacağı halda cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşəcəyini ehtimal edə bilərik".

Politoloq Mais Gülalıyev isə iyun görüşündə konkret təkliflər ətrafında müzakirələrin olacağını düşünür: "Açığı inanıram ki, hər dəfə prezidentlərin görüşlərində konkret məsələlər həll olunur. Dövlət başçılarının görüşləri elə-belə, adi görüşlər deyil ki, yığışıb söhbət etsinlər. Hər halda iyun görüşündə ciddi məsələlər müzakirə olunacaq.Tərəflərin razılığa gəlməsi üçün kifayət qədər imkanlar var. Xüsusən də son dövrlər Azərbaycan hərbi qüvvələrinin güclənməsi, Ermənistana böyük bir zərbənin endirilməsindən sonra güman edirəm İrəvan müəyyən güzəştlərə gedəcək. Ancaq bunun cəmiyyətdə nə dərəcədə görsənəcəyi hələlik bir qədər sual altındadır. Əhali adətən gözə görünən, hiss olunan dəyişiklikləri istəyir. Siyasət isə çox hallarda daha ətalətli olur, lakin əhali daha konkret dəyişkənliyin olmasında bir qədər tələskənlik edərək gözləyir.

Ola bilsin, iyun görüşündə əhalinin görə biləcəyi dəyişiklik hiss olunmasın, ancaq hər halda danışıqlar gedir. İyun danışıqlarında da fikrimcə, müəyyən dəyişikliklər olacaq. Ancaq gözləmək ki, bir və ya iki aya bir neçə rayon geri qaytarılacaq, bu, hələ bir qədər tezdir. Çünki elə məsələlər var ki, o, uzun müddətə həll olunur".