Televiziyalar yenə maarifləndirici verlişlər sarıdan axsayır

20 May 2016 09:15 (UTC+04:00)

Maarifləndirici, əyləndirici və məlumatlandırıcı kimi öhdəlikləri olsa da, bir çox hallarda kütləvi informasiya vasitələri balansı qoruya bilmirlər. Bunu da daha çox televiziya və radiolarda müşahidə etmək mümkündür. Belə ki, bu gün kanalların əksəriyyətinin veriliş səbətində əyləndirici, daha sonra isə məlumatlandırıcı xarakterli verilişlər üstünlük təşkil edir. Maariflənirici verilişlər sanki yalnız dövlət teelviziyasının və İctimai kanalın ümidinə qalıb. Özəl kanalların maarifləndirici verilişləri isə barmaqla sayılan hala gəlib. Hansı ki, bunların da əksəriyyəti bir-birinin təkrarı formasında işıqlanır.

Mütəxəssislər vəziyyəti müxtəlif səbəblərlə izah edirlər. "Azvision.az" portalının baş redaktoru Vüsal Məmmədov düşünür ki, əslində, maarifləndirici verilişlərə ayrılan yer getdikcə artmaqadadır: "Məsələn, "ASAN radio" demək olar ki, tam şəkildə maarifləndirmə ilə məşğuldur. Digər media orqanlarında da maarifləndirici proqramlar var. Amma digər tərəfdən, bu, çox incə yanaşma tələb edən işdir.

Məsələ ondadır ki, "quru" maarifləndirmə oxucunu, tamaşaçını, dinləyicini itiririr. Odur ki, onları itirməmək üçün intellektual, yaxud maarifləndirici verilişi əyləncəli etməyi bacarmalısan. Bu isə çox çətin janrdır. Misal üçün, 106.3 FM dalğasında yayımlanan "Avtostop" maarifləndirici verilişdir, amma düzgün formulu tapılıb. Ona görə eyni zamanda həm də əyləncəli və maraqlı alınır. Qanunları da, elmi də maraqlı və əyləncəli şəkildə çatdırmaq olar. İnsanlara hansısa mürəkkəb riyazi problemi, yaxud ictimai məsələni elə əyləncəli və maraqlı formada izah etmək olar ki, sona qədər həvəslə dinləyərlər. Amma bunun üçün yeni, fərqli aparıcı təfəkkürü lazımdır. Bu missiyanı bacaran intellektual jurnalist nəsli yetişməlidir".

Azərbaycan Dillər Universiteti "Jurnalistika" fakültəsinin müəllimi Zöhrə Fərəcova bu gün televiziyaların çoxunun maarifləndirici verilişlərə üstünlük verməmələrinin səbəbini onlara tamaşaçı marağının az olması ilə əlaqələndirir: "Əslində, tamamı ilə haqsız da deyillər. Ancaq düşünməliyik ki, xalqın zövqünü formalaşdıran, onların maraqlarını yönəltməyi bacaran biz jurnalistlərik. Şou xarakterli, sensasiyalı, əyləncəli verilişlər hazırlamaqla tamaşaçı toplamaq çox asan və rahat yoldur. Amma özümüz özümüzə bir sual verməliyik: bu yol bizi hara aparır?

Azərbaycanda telekanallarının əksəriyyəti reytinq gətirmədiyinə görə, maarifləndirici verilişlərdən imtina edir. Onların efir vaxtını əyləncəli, bəzən isə kriminal və ya sosial mövzulu verilişlərə verirlər. Burada da əsas məqsədləri tamaşaçıları əyləndirmək, məlumatlandırmaq və ya kriminal, sosial problemlərin əsl səbəblərini araşdırmaq deyil. Azərbaycan jurnalistikası bu gün birinci funksiyasından - maarifləndirmək funksiyasından xeyli uzaqlaşıb. Reytinq toplamaq, pul qazanmaq telekanalarımızın bir çoxunun əsas hədəfi, başlıca məqsədidir. Əlbəttə, bazar iqtisadiyyatının şərtlərini də unutmaq olmaz. Maarifləndirici verilişlərə maraq göstərənlərin sayı azdır. Reklam verənləri isə verilişin məğzindən daha çox, onun geniş auditoriyaya malik olması düşündürür".

Zöhrə Fərəcova əlavə etdi ki, televiziyalarımız problemdən çıxış yolu axtarmırlar: "Bəzən isə necə deyərlər, "qaş düzəltmək əvəzinə vurub gözü də çıxarırlar". Bu gün telekanallarımızda çox zaman maarifəndirici mövzuların özlərindən belə şou yaratmaq kimi qorxunc meyl formalaşıb. Maarifləndirici adı ilə tariximizi təhrif edən, tarixi şəxsiyyətlərimizə qərəzli yanaşılan verilişlərlə qarşılaşırıq. Onların xalq qarşısında böyük xidmətlərini "unudub", daha çox kimisini dəli, kimisini qadın düşkünü kimi göstərirlər. Həm də bunu o qədər qabarıq və cəlbedici şəkildə təqdim edirlər ki, həmin verilişlərə baxanların yaddaşında yalnız bu cür məsələlər qalır.

Əlbəttə, tənqid də, müzakirələr də olmalıdır. Lakin tarximizi reytinq qazanmaq həvəsinə qurban vermək yolverilməzdir. Bunları nəzərə alaraq deyə bilərik ki, maarifləndirici verilişlərin sayını artırmaq çıxış yolu deyil. Təəssüfləndirici məqamlardan biri də budur ki, Azərbaycan televiziyalarında maarifləndirici verilişlərin olmaması və ya az olması mövzusu ətrafında aparılan müzakirələrin hələ ki, nəticələrini görmürük".

Müsahibimiz onu da qeyd etdi ki, televiziyalarımızın ən böyük vəzifəsi maarifçilik ideyalarını həyata keçirmək olmalıdır: "Bunu kiminsə tapşırığına, ya da tənqidinə görə etməməlidirlər. Əgər biz özümüzü jurnalist hesab ediriksə, Cəlil Məmmədquluzadənin bu qiymətli kəlamını unutmamalıyıq: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir". Xalqın müqəddaratını həll edən əsas məsələlərdən biri isə maarifin inkişafıdır".