Azərbaycan böyük bir ərazini azad edib - Haber 7

19 May 2016 17:42 (UTC+04:00)

Qarabağ münaqişəsinə Türkiyə mətbuatı da həssas yanaşır. Aprel döyüşlərindən sonra qardaş ölkənin mediası davamlı olaraq baş verən prosesləri izləyir.


Haber 7 Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatına yer ayırıb.


"Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Azərbaycan ordusunun Ermənistan tərəfinin apreldə törətdiyi təxribatlara cavab olaraq keçirdiyi əməliyyatlar nəticəsində təmas xəttində əhəmiyyətli dəyişiklik baş verib.


Bəyanatda hərbi əməliyyatlar zamanı Azərbaycanın Silahlı Qüvvələrinin Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdiyi bildirilir.


Ermənistan prezidenti Serj Sarkisyanın erməni ordusunun 800 hektar ərazini itirdiyinə dair fikrinin həqiqəti əks etdirmədiyinin vurğulandığı bəyanatda deyilir: "Azərbaycan ordusu tərəfindən 2000 hektardan artıq ərazi azad edilib. Erməni tərəfindən fərqli olaraq, Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaq. Ermənistanın aprelin əvvəllərində keçirilmiş əməliyyatlarda tərəflərin itkilərilə bağlı yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır"".