Bakcell şirkətinin yeni rəhbərinin adı açıqlandı

20 May 2016 10:55 (UTC+04:00)

Bakcell şirkəti Nikolai Bekersin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edir. Şirkətdən Movqe.az-a verilən məlumata görə, telekommunikasiya sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış cənab Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunmamışdan əvvəl Rumıniyada Almaniyanın "Deutsche Telekom" telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə 20 illik zəngin beynəlxalq təcrübəyə malik olan cənab Bekers "T-Systems Fransa" şirkətinin prezidenti, "Makedonski Telecom" şirkətinin baş icraçı direktoru, "Deutsche Telecom France SAS" şirkətinin prezidenti vəzifələrində işləyib və İndoneziya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayesi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, yeni layihələrin həyata keçirilməsi, biznesin inkişaf etdirilməsi, internet və mobil rabitə xidmətləri göstərən şirkət və müəssisələrin yenidən qurulması və strategiyanın planlaşdırılması mərhələsindən, bazara çıxış strategiyasının hazırlanması və korporativ mədəniyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə qədər müxtəlif sahələrdə uğurlu fəaliyyətinə görə fərqlənib.


Cənab Bekers INSEAD biznes məktəbinin və Köln Universitetinin MBA (Biznesin İdarə Edilməsi üzrə magistr) diplomuna sahibdir.

"Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb vəzifələr qoyur. Buna baxmayaraq, Bakcell ölkənin telekommunikasiya bazarında olduqca güclü mövqeyə sahibdir və mən inanıram ki, biz öz şəbəkəmizə və təqdim etdiyimiz yeni xidmətlərə investisiya qoyuluşlarını davam etdirərək, bu çətinliklərin öhdəsindən gələcək və Bakcell şirkətinin peşəkar və səmimi işçi heyəti ilə birlikdə daha böyük və parlaq nəticələrə nail olacağıq",- deyə Bakcell şirkətinin yeni təyin olunmuş baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.