Bu rayonda 4 istiqamətə yol salınır

20 May 2016 12:46 (UTC+04:00)

"Azəravtoyol" ASC Quba rayonunun Rustov kəndindən 4 istiqamətdə 27 km-lik yolların tikinti işlərini aparır. "Azəravtoyol"un Mətbuat Katibliyindən virtualaz.org-a bildirilib ki, Qubanın Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər davam etdirilir. Tikinti işləri aparılan yol 13 km olacaq. Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun mövcud 6 km-lik hissəsi torpaq örtüklüdür, 7 km-lik hissəsində isə dağların və meşələrin arası ilə yeni yol salınır. Bundan başqa, 5,5 km-lik Rustov-Bağçalı-Yekdar avtomobil yolu da torpaq örtüklüdür. 2,5 km-lik Rustov-Məckəxacə və 6 km-lik Rustov-Nöydün-Şuduq avtomobil yolları isə çınqıl örtüklüdür. Hər bir yolun mövcud eni 4-5 metr arası dəyişir.

Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılacaq, nəticədə yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Hər iki istiqamət üzrə 2 metrenində çiyinlərin də tikilməsi nəzərdə tutulub. Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 2 körpü inşa edilib. Körpülərin birinin uzunluğu 9 metr, digərinin isə 18 metrdir. Hər iki körpünün ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Daha bir körpünün inşası isə Rustov-Nüydün-Şuduq yolunda aparılır. Bu körpünün də uzunluğu 18 metr, ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni isə 7 metr olacaq. Rustov-Bağçalı-Yekdar yolunda isə 1 ədəd su keçidinin inşası yekunlaşmaq üzrədir.

Hazırda hər 4 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılır. Bununla yanaşı, yolların genişləndirilməsi başa çatdırılaraq, yol yatağının və yol əsasının inşaası, yamacların kəsilməsi işləri gedir. Bütün işlər tərtib olunan qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi asanlaşacaq.