Uşaqlarda anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi proqrama başlanılıb

20 May 2016 13:03 (UTC+04:00)

"Prezident İlham Əliyevin sərəncamına əsasən, təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Səhiyyə Nazirliyi yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər görməkdədir".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Dövlət proqramına əsasən, anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və onların müalicəsi işinin təşkil edilməsini və bu məqsədlə neonatal müayinələrin (skrininqlərin) aparılmasını nazirlik təmin edir. Anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili məqsədilə dövlət proqramı çərçivəsində aidiyyatı dövlət tibb müəssisələri, Perinatal Mərkəzlər, qadın məsləhətxanaları, doğum evləri və poliklinikalar müvafiq fetal və perinatal diaqnostika avandalıqları ilə təchiz olunub.

Bununla yanaşı, anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyinin 16 mart tarixli sərəncamına əsasən, Bakı şəhəri Respublika Perinatal Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər klinik xəstəxanasının iştirakı ilə yenidoğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verilib. Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarına yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" və exokardioqrafiya aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədir. "Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün "Neonatal kardiologiya"ya dair mövzulara əsasən xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.