Deputat: "Sosial şəbəkələrdə tanışlıqla qurulan ailələr tez dağılır"

20 May 2016 11:40 (UTC+04:00)

Bu ilin birinci rübündə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə,  bu ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma halları qeydə alınıb və əhalinin hər min nəfərinə nikahların sayı 6, boşanmaların sayı isə 1,3 olub. Rəqəmlər göstərir ki, ölkədə boşanma ilə statistika günü-gündən böyüyür. Ailə quranların əksəriyyətinin öz isti yuvasını dağıtması məsələsi artıq aktual problemə çevrilməkdədir. Bəzi mütəxəssislər belə templə davam edərsə, ilin sonuna boşanma ilə bağlı statistik rəqəmlərin əvvəlki illərlə kəskin fərqlənəcəyini söyləyirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Movqe.az-a açıqlamasında deyib ki, bu rəqəmlər heç də ilin sonunda boşanma ilə bağlı statistikada əhəmiyyətli artım olacağından xəbər vermir: "İlin sonuna çox qaldığından, indidən bu statistik rəqəmlərə istinad edərək demək olmaz ki, bu il boşanmaların sayı öncəki illərlə müqayisədə çox olacaq. Ötən il 12 min 800 boşanma faktı qeydə alınıb. Amma nəzərə almaq lazımdır ki, ötən il əvvəlki illərlə müqayisədə qurulan ailələrin, yəni, bağlanan nikahların da sayı azalıb. 2015-ci ildə, boşanma ilə bağlı 400 fakt artıb. Unutmaq lazım deyil ki, nikahların sayının azalması fonunda bu artım nəzərə çarpır. Azərbaycanda 2 milyon 100 min ailə var. Əsas odur ki, boşanma faizi 18 faizi keçməyib. Bizim proqnozlarımıza görə, bu il boşanma faktı 400-ə qədər azalmalıdır". 


E. Səfərov Komitənin boşanmaların qarşısını almaq üçün araşdırmaları və tədbirləri davam etdirdiyini də söyləyib: " Boşanma ərizələrində əsas faiz xasiyyətin uyğun gəlməməsini göstərsə də, burada məişət zorakılığının öndə dayandığı bəllidiir.  Ötən ilin araşdırmaları göstərir ki, yeddi min boşanma faktında xasiyyətin uyğunsuzluğu göstərilib. 1000 faktda isə uşağın olmaması, yerdə qalan səbəblər əks olunub. Yenə hər zaman olduğu kimi, məişət zorakılığının gizlədilməsi hallarına rast gəlinir. Bizim araşdırmalarımız göstərir ki, məişət zorakılığı boşanmalara yol açan amildir.  Artıq Komitənin hazırladığı xüsusi tədbirlər planına uyğun olaraq bir neçə qurumla birgə tədbirlərin icrasına başlanılacaq. Biz bu tədbirlər planının təsdiqini gözləyirik. Hələki bu tədbirlər planı layihə şəklindədir. Orada göstərilib ki, aidiyyatı qurumlar tərəfindən erkən nikahların, məcburi nikahların qarşısı alınsın. Kitablarda, məktəblərdə bəzi streotiplər var ki, onlar aradan qaldırılsın. Bu streotiplərin yığışdırılması boşanmaların sayının azalmasına əhəmiyyətli şəkildə təsir göstərəcək". 


Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Movqe.az-a açıqlamasında Azərbaycanda bağlanan nikahların uğursuz olmasına ailələrin məqsədsiz qurulmasının səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, boşanmaların sayının artması, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin üzvlərini də narahat edir. Həmsöhbətimiz izdivacların çoxunun təsadüfi tanışlıq əsasında qurulmasının boşanmalarla nəticələndiyini söylənir: "Ailələrin dağılmasının əsas səbəbləri təsadüfi tanışlıq və dözümsüzlükdür. Ailə qurmazdan öncə ciddi düşünmək, sosial şəbəkə vasitəsilə tanışlığa əsasən ailə qurmaq çox zaman uğursuz nikahlara gətirib çıxardır. Düzdür, boşanmaların sayına məcburi qurulan nikahlar da təsir edir. Xüsusilə rayon yerlərində məcburi nikah faktları var. Amma indi sosial şəbəkədə tanış olub üç-dörd gündən sonra ailə qurmaq qərarı verənlər də var ki, bu cür qurulan ailələr də az keçmir ki, dağılır. Çünki, onların çoxu biri-birinin xüsusiyyətlərinə bələd olmamış, yaxşı-pis adətlərini bilməmiş ailə qururlar. Facebook sosial şəbəkəsi ilə ani tanışlıq nəticəsində də evliliyin sonu belə qurtarır".

A. Naxçıvanlı boşanmalardan çox, bu ailələrin dağıldıqdan sonra yaranmış problemlərinə də diqqət çəkməyin vacib olduğunu deyir: "Mənim qəbuluma gələn boşanmış qadınlar var ki, evsiz-eşiksiz, küçələrdə qalırlar. Onların çoxunun bir uşaqla yaşamağa evləri yoxdur. Çünki, ailə quranda tərəflərdən hansının adına mülk olub-olmadığı dəqiqləşdirilmir. Onlar bunun üçün nikah müqaviləsi bağlamırlar. Sonra da, heç kəs kişinin evlənməzdən öncə evinin olub-olmadığını təsdiqləyə bilmir. Ona görə də, nikahdan öncə tibbi müayinə kimi, nikah müqaviləsi də məcburi olmalıdır".