Mehriban Əliyeva: `İnsanların bağışlanmaq hüququ var`

20 May 2016 13:17 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxış edib. Birinci xanım çıxışında bildirib ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub: "Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq, onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb. 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib. Tarixə Azərbaycan Respublikasının qurucusu kimi daxil olmuş Heydər Əliyevin ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verməkdədir".

Mehriban Əliyeva qeyd edib ki, məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin son vaxtlar Heydər Əliyev Fonduna ünvanladığı çoxsaylı müraciətlə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir: "Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Milli Məclis tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il 7 may tarixli qərarla isə 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Heydər Əliyev ideallarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, 28 May - Respublika Günü münasibəti ilə amnistiyanın elan edilməsini təklif edirəm. Amnistiya aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.

Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. Aparılan təhlillərə əsasən təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi proqnozlaşdırılır".

Mehriban Əliyeva həmçinin deyib ki, hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq: "Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar".

O, deputat həmkarlarını "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinə dəstək verməyə çağırıb.