Amnistiya aktı iyunun 15-dən qüvvəyə minəcək

20 May 2016 13:26 (UTC+04:00)

"1995-ci ildən bu günə qədər 61 əfv fərmanı və 10 amnistiya aktı qəbul edilib".  Movqe.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Milli Məclisin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirə olunduğu xüsusi iclasında deyib. Daha sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, amnistiya aktı iyunun 15-dən qüvvəyə minəcək: "Amnistiya aktının icra müddəti 4 ay olacaq. Hər 100 min nəfərə münasibətdə respublikamız keçmiş sovet ölkələrini qabaqlayıb, Avropa ölkələri ilə bir sıradadır. Amnistiya aktı məhbusların ümumi sayının 1/3-nə şamil ediləcək. Bundan əvvəl amnistiya aktı şamil olunan məhbuslar arasında təkrar cinayət törədənlər, demək olar ki, yoxdur. Bu da amnistiya aktının məqsədinə nail olduğunu göstərir".

Qeyd edək ki, amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir.