Mənzillər qiymətlərində yeni dəyişikliklər gözlənilir

21 May 2016 08:00 (UTC+04:00)

Azərbaycanda gələn aydan ipoteka kreditlərinin verilməsinə başlanılacaq. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputatın sözlərinə görə, artıq bu istiqamətdə iş aparılır və gələn aydan ipoteka kreditlərinin verilməsi bərpa olunacaq: "Bildiyimiz kimi, ölkə başçısının ipoteka kreditlərinin verilməsi ilə bağlı sərəncamı var idi. Bundan əlavə Prezident çıxışında Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacağını bildirmişdi. Məndə olan məlumata görə, gələn aydan etibarən ipoteka kreditlərinin verilməsinə başlanılacaq".

Mütəxəssislərin fikrincə, qərar daşınmaz əmlak bazarında aktiliyi artıra bilər. "Value&Sources Consaltinq" Şirkətinin rəhbəri Rəşad Alıyev hesab edir ki, gələn aydan etibarən, ipoteka kreditlərinin verilməsi mümükn ola bilər: "Amma ilk növbədə ipoteka kreditinin verilməsi qaydaları müəyyən olunmalıdır. Digər tərəfdən də bu məqsəd üçün vəsait ayrılmalıdır. Ona görə də gələn ayın sonuna qədər bu proses yekunlaşmayacaq. Ancaq istisna da etmək olmaz".

Ekspert bildirir ki, ipoteka kreditlərinin bərpa edilməsinin bazara müəyyən təsiri olacaq: "Ancaq burada bütün məsələlər kreditlərin həcmindən asılıdır. Yeni qaydalara görə məhz hansı mənzillərə kredit veriləcək? Bundan başqa, kredit məbləğinin iki dəfə qaldırılacağını deyirlər. Amma hələlik bu qaydaları müşahidə etmirik. Ona görə də qərarın daşınmaz əmlak bazarının hansı seqmentinə təsir edəcəyini müəyyənləşdirmək çətindir. Amma bütün hallarda bu, bazara müsbət impuls verəcək. Daşınmaz əmlak bazarında canlanma müşahidə ediləcək".

Rəşad Alıyev əlavə etdi ki, bazarda qiymətlərin necə dəyişməsi ipoteka kredit məbləğinin nə qədər olacağından asılıdır: "Həmçinin kreditlərə tələbat da nəzərə alınamlıdır. Bunların hamısı şərtdir. Müvəqqəti də olsa, bazarda qiymətlər artması mümkündür. Amma ipoteka kreditinin məbləği aşağı səviyyədə olarsa, bazarda dönüş görünmür".

"Koneko" qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, hazırda bazardakı vəziyyət əvvəlki kimi stabildir: "Yəni, təklif faktı çoxalsa da, real olaraq alqı-satqı faktarı çox azdır. Bir növ bazarda passivlik müşahidə edilir. Əgər növbəti aydan ipoteka kreditlərinin verilməsi prosesinə başlanacaqsa, bu, bazarda müyyən aktivliyin baş verməsinə səbəb olacaq. Çünki, daşınmaz əmlak bazarında da tələb təklif artıqda müəyyən canlanma qaçılmaz olur.

Sadəcə, ipoteka krediti üçün ayrılan vəsaitin böyük olmaması faktoru bazarda aktivliyin yüksək səviyyəyə çatmasına imkan verməyəcək. Yəni, bu aktivlik ötəri xarakter daşıyacaq. Bazarda aktivliyin daha yüksək həddə çatmasına təkan verməyəcək. Canlanmanın daha yüksək səviyyəyə çatması üçün həm ipoteka krediti üçün nəzərdə tutulan vəsaitin miqdarı artırılmalı, həm də ipoteka şərtləri müəyyən qədər sadəlşdirilməlidir. Eyni zamanda ipoteka üçün ayrılan kreditlər davamlı olmalıdır. Çünki, artıq bir müddət idi. ipoteka kreditlərinin verilməsi prosesi dayandırlmışdı. Ancaq banklar öz daxili hesabına müəyyən kreditlər verirlər. Dövlətin sosial-iqtisadi proqramında əhalinin evlə təminatında müəyyən addımların atılması üçün bu davamlı olmalıdır. Yəqin ki, belə bir proqram həyata keçirilərsə, bu, daşınmaz əmlak bazarında aktivləşməyə səbəb ola bilər".