Erməni silahlıları da Qarabağdan qaçır

21 May 2016 09:00 (UTC+04:00)

Ermənistan prezidenti Serj Sarkisyan mayın 16-da Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra aprelin əvvəllərində döyüşmək üçün Qarabağa yollanan "Yerkrapa" könüllülərinə geri qayıtmaq əmri verib.

Bu əmrdə deyilir ki, hazırda təmas xəttində sakitlik yaranıb və danışıqlar gedir. Ona görə də silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün könüllü qruplar silahlarını təhvil verib geri qayıtmalıdırlar. Bildirilir ki, artıq könüllü erməni yaraqlıları qruplar halında Ermənistana geri qayıdır. Qeyd edək ki, aprelin əvvəlində Azərbaycan Ordusu uğurlu hərbi əməliyaytlar keçirərək ermənilərə ciddi zərbə vuranda Ermənistandan 4400-ə yaxın adam könüllü adı ilə döyüşmək üçün işğal etdikləri Qarabağa yollanıblar. Onu da xatırladaq ki, Ağdərədə "Yerkrapa" könüllülərini daşıyan avtobus təmas xəttinə çatmamış Azərbaycan Ordusu tərəfindən vurulub. Nəticədə həmin yaraqlılardan 10-a yaxını ölüb.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Sarkisyanin sözügedən əmri əslində. ictimai rəyi aldatmağa hesablanıb: "Qarabağa qanunsuz olaraq gələn "Yerkrapa" adlı könüllülərin geri qayıtması barədə əmr verməsinin özü də Sarkisyan hökumətinin növbəti bicliyidir. Sarkisyan kimi terrorçu gözdən pərdə asmaq üçün həmin qanunsuz dəstələri geri çağırmaqla bağlı əmr verib. Bununla göstərmək istəyir ki, guya Ermənistandan Dağlıq Qarabağda cəmi olanlar həmin bu "Yerkrapa" dəstələri olub və onlar da əmrilə geri çağırılır. Bu növbəti bir erməni təxribatı, saxtakarlığıdır.

Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət keçən, döyüşənlərin hamısı Ermənistan silahlı qüvvələrinin heyətidir. Bunu ona görə əminliklə söyləyirəm ki, hazırda Dağlıq Qarabağda köçənlərdən başqa mülki əhalinin sayına baxsaq, heç 30-40 min erməninin qalmadığını görərik. Həmin əhalini bütünlüklə perimeter boyu səngərə düzsək, orada durmağa sayları belə çatmaz. Buna xüsusi bir elm, ağıl lazım deyil, bu, iki vur ikidir. Sarkisyan həmin addımı ilə yenə də ictimai rəyi yayındırmaq istəyir. Beynəlxalq təşkilatlar da təəssüf ki, onun kimi fikirləşir. Sarkisyan əslində, əmr verməlidir ki, Ermənistan silahlı qüvvələrinin bütün hissələri, sonuncu əsgərinə qədər Azərbaycan ərazisindən çıxarılsın. Azərbaycan tərəfi olaraq Prezident həmişə birmənalı olaraq bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin bütün birləşmələri son əsgərinə qədər Azərbaycan ərazisindən çıxarılmalıdır. Azərbaycanın sərhədləri 1988-ci ildə mövcud olan sərhədlər daxilində olmalıdır. Hələ o tərəfə də iddiamız var. Çünki Ermənistan respublikası deyilən dövlət də Azərbaycan torpaqlarında yaradılıb. Onlara o güzəştləri edirik ki, 1988-ci il sərhədlərilə kifayətlənirik. Ancaq Ermənistanı müdafiə edən ATƏT-in Minsk qrupu və başqaları ermənilərlə birlikdə Dağlıq Qarabağ ətrafından, Laçın, Kəlbəcərdən söhbət edirlər ki, burada gəlib guya hansısa qüvvələr dursun, atəşkəs olsun.

Nə qədər ki, işğalçı dövlətin ordusu Azərbaycan ərazisindədir, ölkəmizin ərazi bütövlüyü təmin olunmayıb, heç vaxt dayanıqlı atəşkəs, qarşılıqlı etimad olmayacaq. Bu deyilənlər o zaman olacaq ki, işğalçı dövlətin qoşunları tamamilə Azərbaycan torpağından çıxarılacaq. Dağlıq Qarabağı nəyə görə işğalçı dövlətin hərbi hissələri, hansısa sülhməramlılar qorumalıdır? Dağlıq Qarabağ Azərbaycanın inzibati ərazisidir. Burada nəyə görə kənar adam təhlükəsizliyi qorumalıdır? Bütün işğalçı qoşunlar çıxarılandan sonra Azərbaycan öz ərazisi olaraq orada da təhlükəsizliyi qoruyacaq, təmin edəcəkdir. Qarabağlı ermənilər Azərbaycan qanunlarını qəbul edib yaşamaq istəsələr, onlara muxtariyyətin verilməsinin məqsədə uyğun olub-olmadığına baxacağıq. Yəni bu məsələyə də Azərbaycan öz qanunları çərçivəsində baxacaq. Sarkisyan o boş başıyla Azərbaycan ərazisi ilə bizimlə alver etmək, ya da kimisə aldatmaq istəyir?"