Aqrar sahədə istifadəsiz torpaq qalmayacaq

21 May 2016 10:30 (UTC+04:00)

Azərbaycan əhalisi istifadə edilməyən torpaqlara görə vergi ödəməli olacaq. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların aşkar olunması üzrə monitorinqi davam etdirir: "Bu proses hələ başa çatmayıb, çünki bura bir neçə dövlət strukturı cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyindən başqa, burada İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi də iştirak edir".

H.Əsədov qeyd edib ki, nazirlik sözügedən məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayıb: "Biz qanuna dəyişikliklər hazırlamışıq, dəyişikliklər parlament tərəfindən qəbul olunub və ümid edirəm ki, tezliklə dövlət başçısı tərəfindən təsdiq olunacaq".

Mütəxəssislərin fikrincə, qərar aqrar sahəyə öz töhfəsini verəcək. İnsanlar cərimədən yayınmaq üçün ya torpaqdan təyinatına uyğun istifadə edəcək, ya da onu məcburən satmalı olacaq.

Kənd təsərrüfatı üzrə ekspert Çingiz Fərəcov ilk olaraq onu xatırlatdı ki, 1996-cı ildən başlayaraq kolxoz və sovxozlarda olan torpaqlar pay şəklində kəndlilərə verildi: "Kəndlilər torpağı alandan sonra mülkiyyətçiyə çevrildilər. Statistikanın verdiyi məlumata görə, Azərbaycanda hər adama 0.20 hektar əkin sahəsi düşür. Amma artıq həmin rəqəm azalıb. Çünki, bəzi insanlar əkin sahələrindən təyinatına görə istifadə etmir. Yəni, ölkədə əkin sahələri həddin artıq azalıb. İnsanlar əsasən daha kiçik torpaq sahələrinə sahibdirlər. Bunu da becərməkdə maraqlı olmurlar.

Əvvəla, torpaqlar kiçik olduğuna görə onu şumlamaq çətindir, traktor çatışmır. Eyni zamanda, yığım müddəti uzanır. Çünki, respublikada kombaynlar çox azdır. Sovet dövründə ölkəmizdə 5 min kombayn var idisə, hazrıda 2.3 mindir. Ona görə də yığım zamanı taxılın 30%-i itkiyə gedir. Bu baxımdan insanlar torpağı əkib becərməkdə maraqlı deyillər. Bəzi insanlar bunu maliyyə imkanlarının olmadığı ilə əlaqəndirirlər. Digərləri isə suyun və texnikanın çatışmazlığından şikayətlənirlər. Ancaq əhalini aqrar məhsulla təmin etmək üçün torpaqlar əkilməlidir. İndi vergi cəriməsi tətbiq ediləcək. Amma bu üsul tam da düzgün deyil. Çünki, cərimə ilə problemin həlli mümkün deyil. Bunu başqa cür etmək olar. Məsələn, kimsə torpağı 3 il ərzində əsassız səbəb olmadan əkib becərmisə, həmin torpaq ondan alınıb, torpağı əkib-becərmək imkanı olan adamlara verilməlidir. İnsanlarda ilk növbədə maliyyə çatışmazlığı olur. Digər tərəfdən bəzi insanlar torpaq əkməkdə maraqlı deyil. Ona görə də hər bir adamın torpaq sahəsinin olması düzgün deyil. Torpağı əkib-becərmək istəyənə mütləq güzəştli kredit verilməlidir. Ona görə də ölkədə aqrar bank yaradılmalıdır. Bir sıra xarici ölkələrədə aqrar bank fəaliyyət göstərir. Həmin bank aqrar sahədə güzəştli kreditlər verməklə məşğuldur".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev da təsdiqlədi ki, hazırda istifadəsiz olaraq qalan böyük həcmdə torpaq sahələri var: "Bunlar da xüsusi ilə pay torpaqlarıdır. Ancaq bu gün elə insanlar var ki, həm böyük torpaq sahəsinə malikdir, həm də sosial yardım üçün dövlətə müraciət edir. Yaxud həmin ərazilərdə əkinlə məşğul olmur. Düzdür, əkinlə məşğul olmaq üçün bir sıra amilləri tələb edilir ki, bəzi insanlarda da bunlar yoxdur. Ona görə də dövlət diqqəti bu sahəyə yönəltməlidir.

Eyni zamanda torpaqlar da istifadəsiz qalamamalıdır. Torpaq sahələrindən mütləq istifadə edilməlidir. Ona görə də müəyyən inzibati metodlar tətbiq olunması düzgün qərardır. Torpaq varsa, ondan istifadə edilməlidir".