Səhiyyə Nazirliyi: Əfqanıstanda təyyarə qəzasında ölənlərin meyiti yandığı üçün ekspertiza uzun çəkəcək

20 May 2016 21:00 (UTC+04:00)

Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus "An-12" yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib.

Birliyin direktoru Ədalət Həsənov APA-ya açıqlamasında bildirib ki, hazırda meyitlərin genetik ekspertizası aparılır. Onun sözlərinə görə, ekspertiza nəticəsində ölənlərin şəxsiyyəti 20-25 gün ərzində müəyyən ediləcək. Ə. Həsənov qeyd edib ki, onların hamısı yandığı üçün tanınmaları uzun çəkəcək: "Hazırda genetik ekpertiza aparılır, amma DNK müayinə uzanacaq. Onu deyə bilərəm ki, təyyarənin pilotunun və köməkçisinin meyitləri kabinədə aşkarlandığına görə onların kimliyi təxminən məlumdur".

Ə. Həsənov əlavə edib ki, qəzada ölən Ukrayna vətəndaşı ölkəsinə şəxsiyyəti müəyyən olunandan sonra təhvil veriləcək.

Qeyd edək ki, mayın 18-də "SilkWay" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:

1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü

2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü

5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.