Mükafat və puldan prinsiplərinə görə imtina ediblər

22 May 2016 13:30 (UTC+04:00)

Bu ay Joseph Andras'ın "De Nos Frères Blessés" romanı Fransanın nüfuzlu Konkur (Goncourt) debüt roman mükafatının qalibi elan edildi, amma Andras 3800 avroluq bu mükafatdan imtina etdi.

Movqe.az azadliq.org-a istinadən bildirir ki, səbəbi isə belə göstərdi: "Mənim ədəbiyyat anlayışım yarış ideyası ilə bir araya sığmır".


- John le Carre  2001-ci ildə Man Booker beynəlxalq mükafatından eyni səbəbdən imtina etmişdi: "Mən ədəbi mükafatlar uğrunda yarışmıram".


- Hari Kunzru 2003-cü ildə 5 min funt sterlinqlik John Llewellyn Rhys mükafatından sponsor "Mail on Sunday" "ksenofob və antimiqrant" olduğu üçün imtina etmişdi.

- Javier Marías 2012-ci ildə İspan hökumətinin 20000 avroluq mükafatından "dövlət təşkilatlarından təltif və qazanc istəmədiyi" üçün imtina etmişdi.


- Alice Oswald TS Eliot poeziya mükafatından 2011-ci ildə imtina etmiş, səbəbi belə göstərmişdi: "Sponsorun sərmayəçi "Aurum" firması olmasından rahat deyiləm".


- David Grossman 2015-ci ildə İsrail ədəbi mükafatından imtina etmişdi, çünki "baş nazir Benjamin Netanyahu münsiflərin işinə qarışır".


- Ursula Le Guin Nebula mükafatından imtina etmişdi, "təşkilatçı qurum polşalı yazıçı Stanislaw Lem ilə nalayiq davrandığına görə".


- AS Byatt, Nadine Gordimer, Anita Brookner - kitablarını çap etmiş nəşriyyat tərəfindən "Orange/Baileys" mükafatına daxil edilməkdən imtina etmişdilər.


Prinsiplərə görə mükafatdan imtina etmək ənənəsini yaradan yazıçı Jean Paul Sartre'dır. Onun Nobeldən imtina etməsi haqda çox yazılıb, çox danışılıb.


Sonra 1974-cü ildə Thomas Pynchon ona verildiyi elan edilən Milli Kitab Mükafatını almaq üçün komediyaçı Irwin Corey'i göndərmişdi.


John Berger 1972-ci ildə ona verilmiş Booker mükafatını almaq üçün gedib mükafatların mənasızlığı haqda bir çıxış etmişdi. Onun çıxışı belə tamamlanırdı: Təmizlik puldan daha vacibdir.