AKP seçimini etdi

22 May 2016 17:30 (UTC+04:00)

17:22


Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.


Movqe.az-ın məlumatına görə, bu gün AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım qurultay nümayəndələrindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.


Qeyd edək ki, B.Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.  


----------


13:58


Bu gün 14 ildən bəri Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) İİ fövqəladə qurultayı Ankarada öz işinə başlayıb.


APA-nın məlumatına görə, qurultayın başlamasından əvvəl sədrliyə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb.


B.Yıldırımdan sonra salona gələn AKP-nin bu günə qədərki  sədri və baş nazir Əhməd Davudoğlu isə salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. Qurultayı açmaq söz alan AKP sədrinin təşkilat məsələləri üzrə müavini Mustafa Ataş, partiya sədrliyinə yeni namizədlərin göstərilməsi üçün qurultay iştirakçılarına 5 dəqiqə vaxt verib, ancaq AKP sədrliyinə B. Yıldırımdan başqa namizəd göstərilməyib. M.Ataş partiyanın qurucu lideri olan prezident Ərdoğanın adını çəkərkən salondan alqış səsləri yüksəlib.


AKP sədrinin müavini M.Ataş deyib ki, bu müqəddəs yürüşdə bir çox qadınımızın və gəncimizin imzası var: "Bu müqəddəs əmanəti 26 avqust 2014-cü ildə qurucu liderimizdən təhvil alaraq vəzifəsinin öhdəsində ləyaqətlə gələn hörmətli Əhməd Davudoğluna təşəkkür edir, sədrliyə namizədimiz Binali Yıldırıma uğurlar diləyirəm".


M.Ataş qurultayı idarə edəcək Rəyasət Heyətinin sədrliyinə ədliyyə naziri Bəkir Bozdağın namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib. B.Bozdağ qurultayın proqramını oxuyandan sonra AKP-nin bu qurultayının da Türkiyənin demokratik həyatı üçün örnək olacağını vurğulayıb: "AKP-nin tək lideri vardır, o da prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Hörmətli prezidentim, yolun- yolumuzdur, mübarizən-mübarizəmizdir, müqəddəs yoldan irəliləməyə davam edəcəyik".


B.Bozdağ, baş nazir Əhməd Davudoğluya təşəkkürünü bildirib.


AKP-nin II fövqəladə qurultayında məclisdə təmsil edilən və edilməyən partiyaların, QHT-lərin, araşdırma mərkəzlərinin təmsilçiləri iştirak edirlər.


----------


10:07


Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.


Movqe.az-ın məlumatına görə, qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq.


Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə.Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.


Qurultayda prezident R.T.Ərdoğan, B.Yıldırım və Ə.Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay "Uğurlu yürüşə davam" şüarı altında keçiriləcək.


B.Yıldırıma bu gün prezident R.T.Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B.Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir. /apa/