TQDK Apelyasiya Komissiyası yaratdı

23 May 2016 11:07 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün mayın 22-də keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.


TQDK-dan Movqe.az-a verilən məlumata görə, abituriyentlər Apelyasiya Komissiyasına bu gün saat 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.


İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.


Komissiyadan bildirilib ki, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər şəxsiyyəti təsdiq edən sənədi və buraxılış vərəqəsini özləri ilə gətirmədiyi üçün imtahana buraxılmayıb.


İmtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.


Xatırladırıq ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10‑dək aparılacaq.