ATU-da “Qarabağ” fleşmobu keçirilib (FOTO)

23 May 2016 11:22 (UTC+04:00)

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri maraqlı aksiyaya imza atıb. Universitetin 350-yə yaxın tələbəsinin iştirakı ilə fleşmob təşkil edilib. Universitetdən Movqe.az-a verilən məlumata görə, əyinlərində qara köynək, başlarında isə qara kepkalar olan tələbələr universitetin həyətində "Qarabağ" sözünün canlı təsvirini yaradıblar. Bununla onlar Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğuna bir daha diqqətləri cəlb etmək və cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizə dəstək nümayiş etdirmək istəyiblər.


Aksiyadan əvvəl tələbələr qarşısında çıxış edən ATU-nun rektoru professor Akif Süleymanov onları bu təşəbbüslərinə görə alqışlayıb. Rektor bildirib ki, bu gün Azərbaycanın haqq işinin, Qarabağ həqiqətlərinin dünyaya car çəkilməsi üçün hər vətəndaş özü gücü, imkanları çərçivəsində əlindən gələni etməlidir. Bu mənada ATU-nun tələbələri də maraqlı və yaddaqalan bir aksiyaya imza atmaqla həm diqqətləri bir daha işğal faktına yönəltmiş, həm də torpaqların azadlığına ilham olacaq kiçik də olsa bir addım atmış oldular. A.Süleymanov bildirib ki, həm Azərbaycan dövlətinin Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı inamlı siyasət, həm də ordumuzun qüdrəti və qətiyyəti tezliklə bu münaqişənin ədalətli həllinin tapmasına və torpaqlarımızın işğaldan azad edilməsinə imkan verəcək. Bu cür maraqlı tədbirlər isə tezliklə düşmən tapdağından azad edilmiş Qarabağda reallaşdırılacaq.


Fleşmobun təşkilatçısı və iştirakçısı olan tələbələrsə bu aksiyanı aprel ayının əvvəlində cəbhədə gedən döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinə həsr etdiklərini bildiriblər. Böyük maraq və həvəslə fleşmoba qatılan tələbələr "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Aksiyada digər çıxış edənlər də aprelin əvvəlində ordumuzn düşmən üzərində üstünlüyünün davamlı olacağına, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Fleşmoba böyük ruh yüksəkliyi və qüruru hissi ilə qatılan tələbələr Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində daim çalışacaqlarını bildiriblər.