Azərbaycanda 9 ilə 384 yaşayış məntəqəsi keyfiyyətli içməli su ilə təmin edilib

23 May 2016 14:22 (UTC+04:00)

2007-ci ildən başlayaraq regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçib.


Movqe.az xəbər verir ki, bu barədə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə bildirib.


Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və effektiv nəticələr verən "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" üzrə 2007-ci ildən başlayaraq regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçib: "Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi məqsədilə infrastruktur imkanları gündə 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 2000 m3 gücündə avadanlıq quraşdırılıb, Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilib".


Nazir qeyd edib ki, faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir: "Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir. Ətraf arid ərazidə salınmış yaşıllıqların suvarılması ilə bağlı Şirvan kanalı suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurguların istehsal gücü 2 dəfə artırılaraq sutkada 5000 kubmetrə çatdırılıb".