Uşaqların 50 faizi tütün tüstüsündən...

23 May 2016 21:30 (UTC+04:00)

Kişilər əsasən ictimai yerlərdə, qadınlar isə evdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Dünyada uşaqların 50 faizi tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır.


Bu fikir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nəsimi rayonundakı 240 nömrəli məktəbdə keçirilən sağlamlıq forumunda səsləndirilib.


Çıxış edənlər yeniyetmə və gənclərin sağlamlığının qayğısına qalmaqda belə forumların keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.


Tədbirdə əhalinin, xüsusilə gənclərin sağlamlığının qorunmasında görülən tədbirlərdən söhbət açılıb, tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər, habelə tütünçəkmə ilə mübarizə istiqamətləri və təhlükənin miqyası barədə təqdimatlar keçirilib. Diqqətə çatdırılıb ki, məişət zorakılığının bir forması olan erkən nikahlara daha çox problemli ailələrdən olan və qeyri-normal atmosferdən qaçmağa çalışan uşaqlar məruz qalırlar.


Tədbirdə interaktivlik əsasında qurulan təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənilib. Əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açılıb, maarifləndirmə materialları paylanılıb.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) may ayında Bakının 7 rayonunda gənclər üçün sağlamlıq forumları keçirəcək. İlk forum Nərimanov rayonunda yerləşən "Bakı Modern Məktəbi"ndə təşkil olunub. "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın icrası üçün Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən forumda yeniyetmə və gənclər iştirak edirlər./Azərtac/