Azərbaycan millisinin ilk hazırlığı Qəbələdə olacaq

23 May 2016 17:13 (UTC+04:00)

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri və məşqçilərlə görüş keçirilib.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, toplantıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramı müzakirə edilib və şahmatçıların fikirləri öyrənilib.


İclasda şahmatçıların hazırlığı üçün lazımi şəraitin yaradılacağı bildirilib. Mötəbər yarışda ölkəmizi təmsil edəcək bütün komandalar üçün təlim-məşq planının hazırlandığı diqqətə çatdırılıb. Ümumdünya Şahmat Olimpiadasında kişi şahmatçılardan ibarət Azərbaycan yığmasına böyük ümid bəslənilir. Buna görə də şahmatçıların olimpiadaya yüksək səviyyədə hazırlaşması üçün proqram tərtib edilib. 


Azərbaycanın əsas yığma komandası Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında iştirak edəcək. Hazırlığın ilk mərhələsi Qəbələdə baş tutacaq.


İclasda həmçinin əsas yığma komandanın yoldaşlıq görüşü keçirməsi üçün Bakıya xarici komandaların dəvət olunması müzakirə edilib. Xatırladaq ki, Azərbaycan təşkilatçı ölkə kimi Bakı Şahmat Olimpiadasında 3 kişi və 3 qadın yığmasıyla təmsil olunacaq.