Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas ölkəyə çevrilir

24 May 2016 09:00 (UTC+04:00)

Türkiyə Azərbaycandan daha çox qaz almaq istəyir. Bunu Türkiyənin ATV telekanalına açıqlamasında prezident Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, TANAP layihəsi vasitəsilə nəql olunacaq qaz Türkiyənin tələbatının böyük hissəsini ödəməyə xidmət edəcək: "Hazırda biz 6-7 milyard kubmetr qaz alırıq. Təbii ki, bu, bizim üçün yetərli deyil və bizə daha böyük həcmdə qaz lazımdır. Biz bu həcmi 20-30 milyard kubmetrə çatdırmalıyıq".

Bəs, Azərbaycan Türkiyəyə daha çox qaz sata bilərmi?

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev indiki halda Azərbaycanın Türkiyəyə daha çox qaz satmaq imkanının olmadığını və bunun ancaq başqa digər yataqlara investisiya qoyub onun da istismarına başlanılacağı halda mümkün ola biləcəyini söylədi: "Azərbaycanın mövcud olan qaz hasilatı səviyyəsində Türkiyəyə ildə 20-30 milyard kubmetr həcmində qaz ixrac etməyimiz mümkün deyil. Bu, ən yaxşı halda "Şahdəniz" qaz kondensat yatağının "Mərhələ-2" layəhəsi çərçivəsində çıxarılan qaz həcminin artırılmasından sonra mümkündür.

2018-ci ildən sonra TANAP layihəsi, eyni zamanda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsindən sonra imkan olacaq ki, Azərbaycan Türkiyənin enerji bazarına əlavə olaraq 6 milyard kubmetr qaz tədarük edə bilsin. Ona görə də Ərdoğanın fikirlərində səslənən həmin rəqəmi ifadə edən qaz həcminin hansı mənbələrdən götürüləcəyini bəri başdan söyləmək mümkün deyil. Türkiyənin illik qaza olan tələbatı 2015-ci ilin statistik göstəricisinə görə 42 milyard kubmetrdən yuxarı olub. Onun da 28 milyard kubmerti Rusiyadan gələn boru kəmər layihəsinin üzərinə düşür. Ankara habelə İran, Azərbaycan, eyni zamanda Türkiyənin aktivində olan iki sıxılmış qaz terminalları vasitəsilə Əlcəzair, Nigeriyadan da qaz alır. Belədə deyə bilərik ki, indiki halda Azərbaycanın Türkiyəyə 20-30 milyard kubmetr qaz tədarükü imkanları şübhəlidir. Bu, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Türkmənistanın da Azərbaycanın qaz nəql sisteminə qoşulmaq imkanı yarandığı halda mümkün ola bilər.

Beynəlxalq səviyyədə "Transxəzər" layihəsi "Cənub Qaz Dəhlizi"nin elementlərindən biri sayılır. Bu mühüm element işə düşərsə, yalnız o halda Azərbaycanın ixrac gücləri vasitəsilə Türkiyəyə əlavə qazın ixracı da mümkün hala çevrilə bilər. Məsələnin həllinin ancaq bu şərt daxilində olması mümkündür. Bir neçə il öncə Türkmənistanla Türkiyə arasında qaz alqı-satqısına dair müqavilə imzalandı. Həmin dövrdə Ərdoğanın Aşqabada rəsmi səfəri oldu və orada Türkiyənin "Ataqaz" şirkətilə "Türkmənneftqaz" arasında saziş imzalandı. Bu sazişdə Türkiyə bazarlarına böyük həcmdə qaz tədarük edilməsi nəzərdə tutulub. Hətta ondan əvvəldə Ankara ilə Aşqabad arasında böyük həcmdə qaz alqı-satqı müqavilələri imzalanmışdı. Burada söhbət hardasa illik 25-30 milyard kubmetr qaz tədarükündən gedirdi. Hazırda isə Türkmənistan qaz nəql sistemilə Azərbaycan qaz nəql sistemi arasında bir vəhdət olmadığından həmin sazişlərin hamısı kağız üzərində qalıb. Yəqin ki, Ərdoğan Azərbaycanın ixrac güclərindən yararlanmaq deyəndə mənbə kimi Türkmənistan qazının məhz "Transxəzər" kəmərilə nəqlini nəzərdə tutub.

Azərbaycanın qaz ehtiyatları son hesablamalara görə, 1,6 trilyon kubmetr civarındadır. "Şahdəniz" yatağından əlavə "Babək", "Ümid" yataqları da var ki, həmin yerlərdə də kifayət qədər qaz ehtiyatları mövcuddur. Amma adı çəkilən yataqlarda qaz həcminin sənaye istehsalına başlamaq üçün kifayət qədər investisiyanın yatırılması lazımdır. Həmin investisiya məsələsi öz həllini taparsa, yəqin ki, əlavə qaz həcmlərinin Türkiyə, həm də Avropaya tədarükünün şahidi ola bilərik. Lakin hazırkı vəziyyətdə bu mümkünsüzdür. Bu yaxınlarda Ukraynanın Türkiyədəki səfiri də belə bir bəyanatla çıxış etdi ki, yaxın gələcəkdə Ankara Azərbaycandan əlavə qaz həcmləri almalıdır. Amma hansı mənbənin hesabına bunun gerçəkləşə biləcəyini indi demək çətindir".