YouTube ailə dağıtdı

24 May 2016 23:00 (UTC+04:00)

Onlar YouTube-da 2009-cu ildə yaratdıqları BFvsGF kanalı vasitəsilə dünyaca məşhurlaşmışdılar. Kanalın daimi təqibçilərinin sayı 9 milyon nəfərə çatıb və hər videonun izlənmə sayı da minimum 5 milyon idi. Bu isə o deməkdir ki, kanalın sahibləri hər ay ən azı 2-3 milyon dollar xalis gəlir əldə edirlər.


Fəqət, uğur və populyarlıq onların düşməninə çevrildi.


Movqe.az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatındakı Filadelfiya şəhərində yaşayan 33 yaşlı Cessi Vellens və Ceana Smit boşanırlar.


Onlar YouTube-dakı kanallarında yaydıqları 10 dəqiqəlik "A NEW CHAPTER" ("Yeni bölüm") adlı vidolarında bu qərarın səbəblərini açıqlayıblar.


"Bu videobloqu yaradanda gündəlik həyatımızın anları, yaşamımızla bağlı məsələləri sizinlə bölüşmək istədik. Alındı və populyarlaşdıq. Amma YouTube ailəmizə zərbə vurdu. Münasibətlərimiz möhkəmlənmək əvəzinə zəiflədi. Bu səbəbdən də YouTube-dakı fəaliyyətimizlə bahəm, münasibətlərimizə də fasilə vermək qərarına gəlmişik. Boşanırıq", - Cessi Vellens deyib.


O daha sonra bildirib ki, ayrı yaşayacaqlar: "Ceana burada qalacaq. Mən isə Nyu-Yorka yollanıram. Həyatımızı milyonlarla insanlarla bölüşmək bizə əvvəl maraqlı gəlsə də, indi ağır yükə çevrilib. Bilirəm, çoxlarınız qəzəblənəcəksiniz, təəssüflənəcəksiniz. Amma xahiş edirəm ki, qərarımıza sayğı ilə yanaşasınız".


Ceana isə YouTube-da kanal yaratmaq və bu minvalla populyarlaşmaq istəyən gənc cütlüklərə xəbərdarlıq edib: "Lütfən, əsla bunu etməyin. Bizə bənzəməyə çalışmayın, bizim səhvləri təkrarlamayın".