Dollarını manata çevirən vətəndaşların sayı artır

25 May 2016 07:00 (UTC+04:00)

Son günlərdə dollar manat qarşısında tədricən zəifləyir. Bunun nəticəsidir ki, artıq əllərində olan dolları satmağa başlayan vətəndaşların sayında da xeyli artım var.

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, manatın dollara nisbətdə dəyər qazanması əvvəlcədən gözlənilən hal idi: "Dollar ucuzlaşan vaxt almaq, bahalaşan zamanı onu satmaqla nəsə əldə etmək mümkündür. Belə vəziyyətin ölkənin maliyyə sektoruna təsirinə gəldikdə, Mərkəzi Bank, yaxud aydiyyəti digər strukturlar manatın qalxıb enmə prosesindən istifadə etmək tendensiyasını nəzərə alsalar, bu, birinci növbədə baş bankın qızıl valyuta ehtiyatlarının artırılması üçün istifadə oluna bilər. Habelə əksinə, Mərkəzi Bank düzgün ölçüb-biçməsə, sərvətləri azalar".

İqtisadçı alim Oqtay Haqverdiyev düşünür ki, manatın dollarla müqayisədə məzənnə baxımından möhkəmlənməsinin arxasında Mərkəzi Bankın apardığı siyasət dayanır: "Manatın dollara nisbətdə möhkəmlənməkdə davam etməsi Mərkəzi Bankın yürütdüyü siyasətlə bağlıdır. Belə ki, Mərkəzi Bank hansı emisiya siyasətini aparırsa, o da baş verir. Məzənnənin üzən prosesə daxil olmasına baxmayaraq, görürük ki, lazım gələndə Mərkəzi Bank prosesi idarə edir".