Azərbaycan Rusiyanın vacib tərəfdaşına çevrilib

25 May 2016 09:00 (UTC+04:00)

Azərbaycan regionda Rusiya üçün olduqca əhəmiyyətli oyunçudur. Bu barədə Rusiya-Azərbaycan işgüzar Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Trofimov deyib. O qeyd edib ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir: "Bu tərəfdaşlıq müxtəlif sahələrdə qurulur. Azərbaycan bu regionda əsas oyunçulardan biridir. Azərbaycan bizim üçün Cənubi Qafqazda öz strategiyamızı qurmaqda və Xəzər dənizində balanslaşdırılmış siyasət baxımından çox böyük əhəmiyyət kəsb edir".

Diqqəti çəkən məqam budur ki, son zamanlar Rusiya rəsmilərinin çıxışlarında Azərbaycana qarşı xoş fikirlərə daha çox yer verilir. Slavyan-Türk Birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədovun sözlərinə görə, ordumuzun aprel uğurundan sonra artıq beynəlxalq dairələr başa düşür ki, Azərbaycan istənilən halda torpaqlarının azad olunması istiqamətində hər bir varianta qəti şəkildə hazırdır: "Bu amil tərəflərə bir daha izah etdi ki, Azərbaycan faktiki olaraq, öz torpaqlarını qəsbkarlardan təmizlənməsi istiqamətində qətiyyətlidir. Bu istiqamətdə də ciddi addımlar atır. Addımların arasında həm hərbi, həm diplomatik, həm də siyasi iradədə nümayiş olunur. İstənilən halda görünən mənzərə budur ki, bir çox geopolitik mərkəzlər mövcud status-kvonun qorunması üçün cəhdlər göstərir. Amma mövcud status-kvo bu gün Azərbaycan tərəfinin maraqlarına uyğun deyil. Ona görə son bəynatlarda bu palitra özünü göstərir.

Artıq tərəflər başa düşür ki, Azərbaycan BMT-nin mövcud 4 qətnaməsinə uyğun olaraq istənilən halda ciddi addımlar atmağa hazırdır. Buna ən azından hüququ var. Lakin BMT qətnamələrindən kənara çıxacaq müzakirələr aparılmır. Bu kontektsdə Rusiya siyasi rəhbərliyi təmsilçiləri də başa düşür ki, Azərbaycan bu məsələdə bir addım belə geri atmayacaq. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün strateji məqsədi var. Bunun da hazırda faktiki gedişlər həyata keçirilir. Bu iradə ortaya qoyulduqdan sonra Rusiya tərəfindən müəyyən mesajlar verilməyə başlanılıb. Yəni, Azərbaycanın ərazi bötüvlüyü tanınması və öz bötüvlüyünün təmin olunmasının zəmini hazırlanır".

Digər politoloq Tariyel Faziloğlu isə qeyd edir: "Rusiya bu günə qədər belə ifadələrdən çox istifadə edib. Məsələ ondandır ki, artıq Rusiya da vəziyyətin dəyişdiyini qəbul edir. Rusiya başa düşür ki, Ermənistan heç bir halda köhnə mövqeyini qoruyub saxlaya bilməyəcək. Buna görə də oyundan maksimum dərəcədə qazanclı çıxmaq məqsədi ilə bu tip ifadələrlə regionda öz mövqeyini sığortalamaq məqsədi güdür.

Mövqelərini sığortalayacaq tək dövlət fonunda isə Azərbaycanı görür. Çünki, Ermənistan artıq hakimiyyət dəyişikliyinə qədəm qoymağa namizəddir. Yəqin ki, yaxın zamanda bunu görəcəiyk. Yəni, Ermənistanın hazırda yaşdığı vəziyyət Rusiya üçün sərfəli olmadığına görə Rusyia Azərbaycandakı mövqelərini yaxşılaşdırmaqla regionda güc balansını qorumağa çalışır".