Təhlükə mənbəyinə çevrilən su çənləri

25 May 2016 09:30 (UTC+04:00)

Suyun fasiləsiz verilməsi ilə əlaqədar olaraq bəzi ərazilərdə çənlər yığışdırılsa da, Bakıda hələ də bəzi yaşayış məntəqələrində su çənlərindən istifadə edilir. Bunlara xüsusən də Bakıətrafı qəsəbələrdə rast gəlmək mümkündür. Lakin diqqət çəkən məqam budur ki, həmin dəmir, plastik çənlər bəzən illərlə təmizlənmir. Digər tərəfdən müxtəlif hava şəraitləri də çənlərə təsir edir ki, xüsusən Günəş şüaları suyun tərkibinin dəyişməsinə səbəb olur.

Bakı Dövlət Universiteti Kimya fakültəsinin "Yüksəkmolekullu birləşmələr kimyası" kafedrasının müdiri professor Oktay Əkbərov bildirir ki, dəmir və plastik çənlərin hər birinin öz təhlükəsi var: "Məsələn, dəmir çənlər korroziyaya uğraya bilər. Amma plastik çənlər materialına görə fərqlənir. Hansı polimerlərdən hazırlanmasından asılı olaraq, suyun keyfiyyətinə müxtəlif cür təsir göstərə bilər. Xüsusən də Günəş şüası altında suyun tərkibinin dəyişikliyə uğrama təhlükəsi var. Günəşin işğında radiasiya, ultrabənövşəyi şüalar, qısadalğalı şüalar mövcuddur ki, onların təsirindən suyun tərkibi müəyyən dəyişikliyə uğraya bilər. Çənin materialının tərkibindən asılı olaraq, hansı zərərli birləşmənin əmələ gəlməsini dəqiqləşdirmək mümkündür.

Adətən dəmir çənlərin materialı sinklənmiş olur. Belə çənlərin içməli su qabı kimi istifadə müddəti səthində olan sinkdən asılıdır. Sink havanın, suyun təsirinə qarşı davamlı maddədir. Ancaq əgər cızılma olarsa, yaxud qabın səthinin pozulması baş verərsə, onun suyun tərkibinə təsiri böyük olacaq. Çünki, dəmirlə su müəyyən şəraitdə kimyəvi qarşılıqlı təsirdə ola bilir. Bu da suyun keyfiyyətinə mənfi təsir edə bilər. Qabın səthi pozulduqda suyun tərkibinə mənfi təsiri mümkündür. Çünki, bu halda suyun tərkibinə hidroksidlər, sink-hidroksid və ya digər maddələr buraxıla bilər. Amma tamlığı pozulmadığı halda çənin istismar müddəti standartlarla müəyyən olunur".

Professor onu da qeyd etdi ki, adi insan suyun tərkibinin dəyişdiyini bilə bilməz: "Bunu ancaq analiz nəticəsində müəyyən etmək mümkündür. Gözlə görünən mexaniki qarışıqlardır, suyun rəngində baş vermiş müəyyən dəyişiklərdir. Amma suda həll olunan maddələri adi insan sezə bilməz".

Həkim Rasif Bağırov hesab edir ki, bu gün adətən, istifadə edilən su çənlərinin içərisi normal, gigiyenik standartlara uyğun şəkildə aşılanmır: "Digər tərəfdən, tibbin dediyinə görə, içməli su iki gündən artıq bir yerdə qaldısa, onu içmək olmaz. Hətta içməli bulaq suyu iki gündən artıq bir yerdə qaldısa, içməyə yararsızdır, onun istifadəsi məsləhət görülmür. Bundan başqa, həmin çənlərin içərisi həftədə ən azı iki dəfə dezinfeksiya edilməlidir. Əks təqdirdə o suyun istifadəsi zamanı infeksion xəstəliklərin yaranma ehtimalı artır. Hətta bəzən həmin suları içmək yox, heç texniki su kimi istifadə etmək olmaz. Belə sular dəri xəstəlikləri, hətta mədə bağırsaq sistemində kəskin ağır infeksion xəstəlikləri yarada bilər.

Adətən xəstələnəndə onun səbələri araşdırmıq. Bəlkə də səbəbi elə içilən sudur. Yəni, həm çən stadartlara cavab vermədiyindən, həm də su orada uzun müddət qaldığından deyə bilərik ki, təhlükə evimizin yanındadır".