Yaponiyanın Baş naziri G7 sammiti ərəfəsində ABŞ və Böyük Britaniyanın liderləri ilə görüşəcək

25 May 2016 11:10 (UTC+04:00)

Yaponiyanın Baş naziri Şinzo Abe G7 liderlərinin mayın 26-da başlanacaq görüşü ərəfəsində ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeronla ikitərəfli görüşlər keçirəcək. Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə əsasən məlumat yayıb.


ABŞ Prezidenti ilə görüş əvvəlcə sammit günü nəzərdə tutulsa da, Okinavadakı Amerika bazasının əməkdaşı tərəfindən yapon qadının qətlə yetirilməsi ilə əlaqədar ölkədə etiraz dalğası artmaqdadır. Nəticədə ikitərəfli görüşün bir gün əvvəl keçirilməsi qərara alınıb.


Görüşün mayın 25-də axşam saat 21:00-də keçiriləcəyi və 30 dəqiqə davam edəcəyi gözlənilir. Baş nazir Şinzo Abenin ABŞ tərəfindən belə halların gələcəkdə bir daha baş verməməsi üçün qəti addımlar atmasını tələb edəcəyi bildirilir. Bununla yanaşı, tərəflər Koreya Xalq Demokratik Respublikasının raket və nüvə proqramlarını, Cənubi Çin dənizində Çinin hərəkətlərini müzakirə edəcəklər.


ABŞ Prezidenti ilə görüşdən əvvəl və sonra yapon liderinin D.Kemeronla söhbətləşəcəyi və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının dünya iqtisadiyyatına təsiri perspektivləri barədə müzakirələr aparacağı bildirilir.


Xəbər verdiyimiz kimi, G7 liderlərinin sammiti mayın 26-27-də Mie prefekturasının İse-Şima şəhərində keçiriləcək./AzərTac/