Xaricə övladlığa verilən uşaqların qaranlıq taleyi-ARAŞDIRMA

25 May 2016 11:20 (UTC+04:00)

Azərbaycanda doğulsalar da, azərbaycanlı olsalar da, onların taleyinə qərib ölkədə yaşamaq, yaşlanmaq yazılıb. Onlar nə Azərbaycandan başqa ölkəyə köç edən miqrantlardır, nə də ki xarici ölkəyə məcburən üz tutan qaçqınlar... Onlar xarici ölkələrə əbədi "viza" alan atılmışlardır. Bu ölkənin vətəndaşlarından dünyaya gələrək, xarici ölkələrin vətəndaşlarına övladlığa verilən atılmışlar...

Azərbaycandan xaricə övladlığa verilən uşaqların sayı ilə bağlı elə də böyük statistika olmasa da, ölkəmizdən hər il bir neçə uşaq ölkələrarası övladlığa götürülmə qaydalarına əsasən xarici ölkələrin vətəndaşlarına övladlığa verilir. Bütün bu prosedur mövcud qaydalara əməl olunaraq yerinə yetirilsə də, xaricə övladlığa verilən uşaqların taleyi ilə bağlı narahatçılıq həmişə var. Nəzərə alanda ki, Azərbaycan tərəfi xaricə övladlığa verdiyi uşaqlara nəzarəti maksimum üç il müddətinə təmin edir, bu zaman həmin uşaqların gələcək həyatı ilə bağlı çoxsaylı suallar meydana çıxır. Ən narahatedici məqam isə, Azərbayacandan xarici ölkələrə övladlığa verilən uşaqlara nəzarət müddəti ilə bağlıdır. Üstəlik bu nəzarətin ölkələrarası hesabat şəklində olduğunu nəzərə alsaq, yaş həddi və nəzarət mexanizminin məsafədən həyata keçirilməsi bəzi şübhələrə yol açır. Görəsən, üç ildən sonra xaricə övladlığa verilən o uşağın taleyi necə olur? Övladlığa götürdüyü ailə nəzarət mexanizmi başa çatdıqdan sonra uşağa qarşı münasibəti dəyişmir ki? O uşaq zorakılığa, insan alverinin qurbanına çevrilmir ki? Şübhə doğuracaq bu sualların siyahısını artırmaq da olar.  Movqe.az xaricə övladlığa verilən uşaqlara üç ildən sonra necə nəzarət edildiyini araşdırıb. 

Psixoloq Samirə Abdullayeva deyir ki, ümumiyyətlə, xaricə övladlığa verilən uşağa, övladlığa verən ölkənin üç il müddətinə nəzarət etməsi çox az müddətdir. Həmsöhbətimizin fikrincə, üç yaşında uşaq öz fikrini sərbəst ifadə edə bilmədiyindən, onun ara-sıra zorakılığa məruz qalıb-qalmadığını, ona göstərilən qayğı barədə məlumat əldə etmək də çətin olur: "3 yaş uşağın elə dövrüdür ki, bu yaşda uşaq, nitq tam inkişaf etmir. Uşaq fikrini tam çatdırmağa çətinlik çəkir. Amma 6 yaşda uşaq özünü başqasından seçə bilir. Nitq tam inkişaf etdiyindən, özü barədə, ona olan manasibət barədə danışa bilir. Ona görə də, xaricə övladlığa verilən uşaqlara övladlığa verən ölkənin nəzarət müddəti ən azından 6-7 il olmalıdır".

Amma S. Abdullayeva təkcə nəzarət müddətinin artırılmasının narahatçılığı aradan qaldırmayacağını söyləyir. Onun sözlərinə görə, körpəlikdən xaricə övladlığa verilən uşaqlara nəzarət daha ciddi olmalıdır: "Nəzərə almaq laızmdır ki, uşaqlar xarici vətəndaşlara lap körpəlikdən də verilə bilər. Bu, o deməkdir ki, uşaq hələ bir yaşına çatmamışdan özünü o mühitdə tapır. Əgər uşağa körpəlikdən zorakılıq olursa, artıq uşaq bunu norma kimi qəbul edir. Yəni ata-ana onu döyürsə, fiziki güc tətbiq etməklə yanaşı, aşağılayıcı ifadələr işlədirsə, uşaq bunu norma kimi qəbul edərək, düşünür ki, sanki bu belə də olmalıdır. Yəni bu münasibətdə qeyri-adi heç nə görmür". 

Amma bununla belə, S. Abdullayeva xaricə övladlığa verilə uşaqlara nəzarətin övladlığa verən ölkə tərəfindən yetkinlik yaşına çatanadək davam etdirilməsini məqbul sayır. Həmsöhbətimiz deyir ki, onlar müstəqil həyata atılanadək kənardan da olsa, müxtəlif vasitələrlə xaricə övladlığa verilən uşaqlara övladlığa verən ölkənin nəzarəti vacibdir. 

Amma bəzi mütəxəssislər bunun beynəlxalq normalara zidd olduğu fikrindədir. Məsələn, uşaq hüquqları üzrə beynəlxalq ekspert Nabil Seyidov deyir ki, Azərbaycan beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyasına qoşulub. Bu konvensiyanın tələblərində isə övladlığa verilən uşağın üç yaşdan sonra məsuliyyəti övladlığa götürən ölkənin üzərinə düşür. Həmsöhbətimiz deyir ki, Azərbaycanda xaricə övladlığa verilmə ilə bağlı qaydalar, beynəlxalq övladlığa verilmə qaydalarına tam uyğundur: "Azərbaycan ölkələrarası övladlığa verilmə ilə bağlı mexanizmləri UNİCEF-in dəstəyi ilə hazırlayıb. Bu məsələdə Azərbaycan həm öz milli maraqlarını, həmçinin də beynəlxalq tələbləri nəzərə alıb. Ona görə də, mənim qənaətimə görə, Azərbayanın ölkələrarası övladlığa verilmə ilə bağlı qaydaları beynəlxalq standartlara uyğundur".

N. Seyidov deyir ki, xaricə övladlığa verilən uşaqlara nəzarət müddətini uzaqtmaq, yaxud müddətsiz etmək doğru olmaz. Çünki, Azərbaycan, beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyasına qoşulub. Bu Konvensiyanın tələblərində isə müddətin qeyri-müəyyən olması göstərilməyib: "Bu konvensiya, övladlığa verilən uşaqla bağlı məsuliyyəti, övladlığa götürən ölkənin üzərinə qoyur. Üç yaşınadək xarici vətəndaşa övladlığa verilən uşağa övladlığa verən ölkə nəzarət etsə də, üç yaşdan sonra bütün məsuliyyət düşür övladlığa götürən ölkənin üzərinə. Çünki, uşaq artıq üç yaşdan sonra o ölkənin vətəndaşı olur. Yəni, həmin ölkə,öz vətəndaşı ilə övladlığa götürülən uşaq arasında fərq qoya bilməz. Həmin ölkənin uşaq hüquqularının müdafiəsinə yönəlik bütün qanunları övladlığa verilən uşağa da aiddir. Əgər sabah o uşaq həmin ölkədə zorakılığa, insan alveri qurbanına çevrilərsə, onun hüququnu qorumaq, cinayətkarları mühakimə etmək də övladlığa götürən ölkənin üzərinə düşür. Azərbaycan dövləti canini cəzalandıra, uşağın hüquqlarını müdafiə edə bilməz".

N. Seyidovun sözlərinə görə, buna görə də, Azərbaycan tərəfi övladlığa uşaq verərkən ölkə ilə bağlı qərarı düşünərək veriri. Yəni, Azərbaycan, ancaq uşaq hüquqlarının qorunduğu, qanunvericiliyi və dövlətçiliyi möhkəm olan ailələrə övladlığa uşaq verir. Məsələn, Azərbaycan Afrikaya götürüb övladlığa uşaq vermir.

Ekspert deyir ki, nəzarət müddətinə gəlincə, bəzi ölkələrdə xaricə övladlığa verilən uşaqlara nəzarət 5 il olsa da, əksər hallarda bu 3 il müddətində olur: "Nəzarəti qeyri-müəyyən müddətə təyin etmək mümkün deyil. 3 ildən sonra isə, uşaq, həmin ölkənin vətəndaşına çevrilir. MDB də və Avropada bu müddət əsasən 3 ildir. Azərbaycan isə qarışıq təcrübədən istifadə edərək xaricə övladlığa verilən uşaqlarla bağlı bir mexanizn yaradıb".

O ki qaldı üç yaşınadək uşağa nəzarət formlarına, həmsöhbətimiz deyir ki, nəzarət əsasən hesabat formasında olsa da, həmin müddətdə xaricə övladlığa verilən uşağa bizim ölkənin səfirliyi və konsulluğu da nəzarət edir: "Bir məsələni diqqətdə saxlamaq lazımdır ki, ölkələrarası övladlığa verilmə ilə bağlı qərar ani olaraq verilmir. 6 ay müddətində danışıqlar, görüşlər keçirilir. Həmin ailə Azərbaycana gəlir, Azərbaycanda aidiyyatı qurumun nümayəndələri onlarla görüşür, söhbət edir, səfirliyimiz vasitəsilə o ailə barədə məlumatlar əldə edilir və sairə. Bütün bunlardan sonra övladlığa verilmə ilə bağlı qərar verilir".

N. Seyidov deyir ki, bəzən xaricə övladlığa verilən uşaqlara nəzarət mexanizminin canlı təşkil olunması barədə də müzakirələr aparılır: "Amma bu mənim fikrimcə düzgün deyil. İnformasiya texnologiyaları vasitəsilə nəzarət üsulları var. Amma uşağa uzun müddət, birbaşa söhbət aparmaqla sorğu-sual etmək uşağı şübhəyə sala bilər. Uşaq üçün də sual doğurar ki, niyə Azərbaycandan tanımadığı insanlar onu sorğu-sual edir, ondan ailənin necə qayğı göstərdiyini soruşur. Nəzərə almaq lazımdır ki, övladlığa götürmə məsələsi əksər hallarda, uşaqdan da gizlədilir. Bu sorğu sual isə uşağı şübhələndirə, gələcəkdə valideynlərini axtarmaq üçün Azərbaycana qayıtmasına belə səbəb ola bilər".

N. Seyidov bundansa müxtəlif yaşlar üçün müxtəlif nəzarət mexanizmlərinin tətbiq edilməsinin düzgün olduğu fikrindədir: "3 yaşında uşağn öz fikrini ifadə edə bilməməsini əsas gətirərək nəzarət mexanimini qeyri-müəyyən müddətədək uzatmaq olmaz. Qeyd edək ki, xaricə övladlığa verilən uşaqlara nəzarəti övladlığa verən ölkə dayandırdıqdan sonra, övladlığa götürən ölkənin qurumları aparır. Azərbaycan həmin ölkənin müvafiq qurumları ilə əlaqə yaradaraq uşaq barədə öz konsul və səfirlikləri vasitəsilə məlumat əldə edə bilər. Ola bilər ki, uşaq müəyyən yaşdan sonra Azərbaycana gətirilsin. Azərbaycan tərəfi bu yolla da uşaq barədə məlumat əldə edə bilsin. Amma bu zaman həmin ailənin xərclərini övladlığa verən ölkə qarşılamalıdır. Bunun üçün müxtəlif üsullardan istifadə etmək mümkündür. Amma əsas odur ki, Azərbaycan uşaq hüquqlarının müdafiəsinin güclü olduğu ölkələrə övladlığa uşaq verir. Bu isə həmin uşağın gələcək taleyi ilə bağlı nigarançılığı minimuma endirir".