Yusif Nağıyev: “Sürüşmə zonası Qanlı göldən Bayraq Meydanına kimi olan 800 hektar ərazini əhatə edir”
20 Aprel 2012 17:27 (UTC+04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş
Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif
Nağıyev deyib.
Y. Nağıyev prezident İlham Əliyevin tapşırığı ilə FHN tərəfindən
Yaponiya və Hollandiyanın tanınmış şirkətlərinin Azərbaycana dəvət
olunduğunu bildirib: "Həmin şirkətlərin və nazirliyin aparıcı
mütəxəssisləri ilə birlikdə Bayıl yamacının dayanıqlığını yoxlamaq
üçün tədqiqat işləri aparılıb. Dayanıqlığın səviyyəsi öyrənildikdən
sonra bununla bağlı layihə hazırlanıb. Layihə 3 mərhələdən
ibarətdir. Birinci mərhələdə Neftçilər prospekti ilə Tofiq Bağırov
küçəsinin kəsişməsində sürüşmənin dibini yükləmək üçün torpaq
tökülüb. Daha sonra həmin ərazidə yaşıllıq zonası salınacaq. İkinci
mərhələdə Tofiq Bağırov küçəsinin aşağı hissəsində 55 metr
dərinliyə kimi torpaqda bərkitmə işləri aparılacaq. Yuxarı
yamaclarda isə suyun səviyyəsini 3 -5 metr aşağı salmaq üçün drenaj
quyuları qazılacaq".
Y. Nağıyev sürüşmə zonasının 800 hektar (ha) ərazini əhatə etdiyini
deyib: "Hazırda ərazidə tədqiqatlar gedir. Sürüşmə zonası Qanlı
göldən Bayraq Meydanına kimi olan 800 hektar ərazini əhatə edir.
Tədqiqatlar tamamlandıqdan sonra həmin ərazinin layihəsi
hazırlanacaq. Bütün işlər yekunlaşandan sonra Bayıl yamacında çox
gözəl park salınacaq".
Nuranə Novruzova