Maliyyə sabitliyinə dair proqramın hazırlanması yüksək qiymətləndirildi

26 May 2016 08:00 (UTC+04:00)

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: "Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq" .

Mütəxəssislər xüsusi maliyyə sabitliyi proqramını iqtisadiyyat üçün əhəmiyyətli hesab edirlər. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, əslində, maliyyə sabitliyi proqramı dünya bazarlarında neftin qiymətləri davamlı olaraq aşağı düşməyə başladığı ilk vaxtlarda hazırlanmalı və belə bir proqramın hazırlanmasının təşəbbüskarları da makroiqtisadi vəziyyətə cavabdeh bir qurum kimi Mərkəzi Bank olmalı idi: "Bu gün bank sistemində yaranmış böhranlı vəziyyət ölkədə maliyyə sabitliyini təmin etmək üçün xüsusi proqramın işlənib hazırlanmasını zəruri edir. Lakin burada bir məsələni nəzərə almaq lazımdır ki, belə proqram bütövlükdə maliyyə sisteminə kompleks yanaşma tələb edir. Yəni, proqramda tək bank sistemini deyil, bütövlükdə maliyyə sisteminin bütün həlqələrini əhatə edən sabitləşdirici tədbirlərin görülməsi nəzərdə tutulmalıdır. Bu səbəbdən də həmin proqramda xüsusi olaraq bu məqsəd üçün özündə Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyatı qurumların rəhbərlərini birləşdirən bir komissiyanın yaradılması məqsədəuyğun olardı.

 Komissiyaya daxil olan aidiyyatı qurumların mütəxəsisslərindən ibarət işçi qrupun hazırladığı təkliflər aidiyyatı qurumların rəhbərləri səviyyəsində, mütəxəsislərin iştirakı ilə müzakirə edildikdən sonra ortaya balanslaşdırılmış bir maliyyə sabitliyi proqramı qoymaq mümkün ola bilər. Yox, əgər bu işi ayrılıqda hansısa bir qurum (Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası ) öz üzərinə götürərsə, onda hazırlanacaq proqramın ölkədəki maliyyə vəziyyətinə kompleksi yanaşmanı təmin etməsi mümkün olmayacaq. Bu proqrama sadə bir sənəd kimi baxmaq lazım deyil. O, o qədər yüsək səviyyədə və bütün sahələri əhatə edə biləcək bir səviyyədə hazırlanmalıdır ki, reallaşdırılması ilk öncə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun əsaslı qalxımına ciddi təkan verə bilsin. Çünki, maliyyə sabitliyi ölkənin iqtisadi durumundan bilavasitə asılıdır. Bu səbəbdən də Proqramın Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin rəhbərliyi altında hazırlanması daha düzgün olardı".

"Maraqlıdır, nədən elə proqram indiyə qədər yox idi?" Bu fikirləri isə iqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov bildirir: "Elman Rüstəmov nədənsə, İqtisadiyyat Nazirliyinin adını çəkmədi. Halbu ki, əsas rol Iqtisadiyyat Nazirliyində olmalıdır. Çünki, maliyyə sistemində hansısa proqram hazırlanırsa, İqtisadiyyat Nazirliyi də orda iştirak etməlidir. Bu, yalnız bank sistemi üçün yox, iqtisadiyyat üçün olmalıdır. Çünki, yalnız bank sistemi üçün nəzərdə tutulan proqramın heç bir xeyri ola bilməz. Proqram iqtisadiyyat üçün olmalıdır və İqtisadiyyat Nazirliyi burada  mütləq iştirak etməlidir. Eyni zamanda proqramın nə vaxta hazır olacağı bəlli deyil. Ona görə də konkret fikir bildirmək çətindir". 

Ekspert əlavə etdi ki, bu, maliyyə sisteminə aid olan proqramdırsa, ilk növbədə milli valyutanın sabitliyi orada öz əksini tapmalıdır: "Amma sual olunur ki, məgər, bu günə qədər manatın sabitliyini təmin etmək üçün proqram yox idi? Onu da nəzərə alaq ki, manatın sabitliyi hələlik təhlükədə qalmaqdadır. Əslində, indi manatı yavaş-yavaş sərbəst buraxmaq yaxşı olar".