ABŞ Qarabağ münaqişəsinin həllində aktiv mövqeyə keçir

26 May 2016 09:00 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. 

Qeyd edək ki, aprelin əvvəlində cəbhədə baş verən proseslərdən sonra münaqişənin nizamlanmasında Rusiyanın daha aktiv olduğu hiss olunur. Belə ki, ən bu istiqamətdə məhz Kreml Minsk qrupunun digər həmsədr ölkələrilə müqayisədə daha aktiv fəaliyyət göstərib. Vaşinqton isə sanki gözləmə mövqeyi tuturdu. Belə bir ərəfdə Kerri ölkəsinin əvvəlkitək Qarabağ konfliktinin həllinə yardım etməyə sadiq olduğunu söyləyib. 

Bəs, həm cəbhədə, həm də diplomatik sahədə baş verən son proseslər fonunda ABŞ-ın fəallaşması Qarabağ münaqişəsinə nə vəd edir?

Politoloq Elşən Mustafayevin qənaətincə, ABŞ-ın prosesdə fəallaşması münaqişənin həlli prosesində mühüm addım olacaq: "ABŞ Minsk qrupunun həmsədr ölkəsi kimi prosesin gedişində mühüm rol oynayan dövlətlərdən biri olub. ABŞ-ın dünyada çəkisi, söz sahibi olmasını nəzərə alsaq, danışıqlarda Vaşinqtonun iştirakı sözsüz ki, müsbət haldır. Son aprel hadisələrindən sonra ATƏT-in Minsk qrupu faktiki olaraq, üzdə olsa da, danışıqlar prosesində hazırda təşəbbüsün Rusiyanın əlində olduğunu görürük. May ayındakı Vyana görüşü də düşünürəm ki, Rusiyanın təşəbbüsü ilə olan addım idi, baxmayaraq orada həmsədrlərin hamısı iştirak edirdi. Aydındır ki, təşəbbüsün Rusiyanın əlində olması problemin Azərbaycan üçün ədalətli həllinə gətirib çıxarmayacaq. 

O da məlumdur ki, qarşıda iyun görüşü gözlənilir. İyun görüşündən sonra nəticə əldə olunmasa, hesab edirəm  danışıqlar prosesi dalana dirənəcək. Növbəti mərhələdə  ABŞ-ın prosesin həllinə yardımlarını artıq görəcəyik. Həll prosesinə Rusiya təkbaşına deyil, digər həmsədrlərlə birgə gedəcək. Bu Azərbaycan üçün də yaxşı olar. ABŞ-ın regiondakı marağını nəzərə alsaq, o da burada baş verən proseslərdən kənarda qalmaq və təşəbbüsü Rusiyanın öhdəsinə buraxmaq istəmir. Ona görə də Vaşinqton məsələyə müdaxilə edəcək. Deməzdim ki, Vaşinqtonun prosesə müdaxiləsi problemi həll edəcək, amma hər halda prosesi bir dövlətin monopoliyasından  çıxaracaq".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, ABŞ dövlət katibi Kerrinin ölkəsinin əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiq olduğunu deməsində bir yenilik yoxdur: "Bu, dəfələrlə səsləndirilən, ifadə olunan mövqeyin yenisidir. Amma bu yanaşmam qətiyyən həmsədr olaraq ABŞ kimi dövlətin münaqişənin tənzimlənməsində iştirakının vacibliyinin əhəmiyyətini azaltmaq mənasında deyil. Hər kəsə ABŞ-ın gücü, qüdrəti və oradan səsləndirilən bəyanatların təsir qüvvəsi bəllidir. Lakin məsələ konkretləşdirmə tələb edir. Münaqişənin tənzimlənməsinə tərəfdar olduğuna sadiqliyini bildirməsi fikirləri belə münasibətin gerşəkləşməsini göstərən  konkret addımlarda ifadə olunmalıdır. 

Prezident İlham Əliyev Vaşinqtonda nüvə sammiti çərçivəsində keçirdiyi görüşlərin çox böyük əhəmiyyəti oldu. Bu görüşlərin yaxşı atmosferdə keçdiyini gördük. Azərbaycanın problemləri o səviyyədə ABŞ rəhbərliyilə müzakirə edildikdən sonra şübhə yoxdur ki, onlar prosesin həlli üçün lazım olan hansı addımların atıla biləcəyini yaxşı bilirlər. Atılmalı əməli addımların birincisi onda olmalıdır ki, Ermənistanın qətiyyən şübhə doğurmayan haqsız tərəf olmasına əsaslanaraq ona təzyiqlər göstərilsin. Bunun əksini görməməliyik. Belə əməli addımlar yoxdursa, deyilən o fikirlər də elə bəyanat kimi qalacaq. Ermənistan Rusiyadan asılı olduğu qədər ABŞ-dan, onun maliyyə dəstəyindən də asılıdır. Bu nöqtələrə münasibəti dəyişməklə İrəvana anlatmalıdırlar ki, ağıllarını başına yığaraq konstruktiv mövqe seçsin. Eləcə də  Ermənistana təzyiqlərin olması prosesə müsbət bir atmosfer gətirərdi. 

Münaqişə tarixi və tənzimlənmə prosesinə edilən cəhdlərin təhlili göstərir ki, Ermənistanın kənardan dəstəyi olmasa, bu ölkə dərhal mövqeyini dəyişəcək. Azərbaycan çətin şəraitdə olsa belə, beynəlxalq iqtisadiyyat və təhlükəsizliyə öz töhfəsini daim verib. Əvəzində bircə şeyi tələb edir: mövqeyini düzgün anlasınlar. Həm beynəlxalq hüquq, həm qəbul olunan beynəlxalq sənədlər, həm beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər göstərir ki, Azərbaycanın onlardan işğala son qoyulmasını tələb etməyə tam haqqı var. Bu mənada ABŞ ciddi təsir gücünə malik 

dövlət olaraq konkret işlər görə bilər. Proses Minsk üçlüyü çərçivəsində gedəcəksə, burada mövqelərin düzgün formalaşdırılması, haqq-ədalətin bərpası üçün müvafiq işlərin görülməsi  sülh və təhlükəsizlik üzrə ümumi iş naminə yaxşı bir prosesin başlanğıcı ola bilərdi".