Erməni işğalına son qoyulur

26 May 2016 09:45 (UTC+04:00)

Vyana görüşündən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaratdığını bildirdi. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev isə bəyan edib ki, bu gün əsas məsələ iyun ayında münaqişənin həlli üçün hərtərəfli danışıqlara başlamaqdır: "Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir".

Siyasi analitiklərin də iyun görüşündən gözləntiləri çoxdir. Millət vəkili Zahid Orucun sözlərinə görə, hazırda tendensiya ondan ibarətdir ki, Qərb maksimum dərəcədə tərəfləri görüşdürməyə, danışıq prosesini bərpa etməyə və hər bir vasitə ilə silahlı münaqişədən qaçmağa çalışır: "Çünki, Avropa və ABŞ-da yaxşı bilirlər ki, silahların işə düşməsi bölgədə qeyri-müəyyən proseslərə yol aça bilər. Eyni zamanda da bu, Rusiyanın dominantlığını gücləndirəcək. Yəni, hərbi vasitələr sanki Moskvanın Qafqaz üzərində təsir qüvvəsini artırar, ona həlledici rol verər. Belə vəziyyət bu və ya digər formada Ermənistanı və Azərbaycanı öz maraq zonasında saxlamağa əsaslar yaradır. Lakin belə dinc dövrdə Avropanın prosesdə iştirak etmək, müəyyən bir dialoq müstəvisi yaratmağa imkanı olur. Həmçinin öz maraqlarını Qarabağ məsələsi üzərində yeridə bilirlər.  Yəni, son iki ay ərzində Con Kerrinin və Co Baydenin masaları üzərinə yatırılan materaillar o səviyyədədir ki, onlar mütəmadi olaraq bu məsələlərlə bağlı həm Sergey Lavrov ilə danışırlar, həm də ölkə prezidentlərinə zəng vururlar. Bu, o deməkdir ki, ABŞ-ın hazırki elitasında buradakı vəziyyətlə bağlı çox da nikbin olmayan məlumatlar mövcuddur.

 Onlar düşünürlər ki, iyun ayında danışıqlar keçirilməsə, proseslər naməlum istiqamətdə inkişaf edə bilər. Ssenarilərin də hamısını hesablamaq mümkün deyil. Çünki, əgər erməni tərəfi məğlub olacağı təqdirdə əlindəki uzaqvuran raketlərini Azərbaycanın neft çənlərinə, bu kimi digər strateji obyektlərə yönəltməklə hədələyirisə, burada Qərb vasitəsi ilə qurulmuş infrastruktur da təhlükə qarşısında qalır. Söz yox ki, bundan Azərbaycan ziyan çəkəcək. Amma bu mahiyyətcə, həm də Qərbin regionda iqtisadi mənafelərinə zərbə vurulması deməkdir. Bu da açıq-aşkar həmin qüvvələri Ermənistan ilə düşmən vəziyyətinə gətirir. Ona görə də vəziyyətin belə humanitar, iqtisadi, hərbi səviyyədə mürəkkəbləşməməsi üçün iyun ayında danışıqlara maksimum dərəcədə səylər göstəriləcək. Rusiya XİN bəyan etdiyi kimi, burada yəqin ki, yenilənmiş "Kazan prisipləri" ortalığa qoyulacaq".

Millət vəkili əlavə etdi ki, hazırki dövrdə qlobal miqyasda gedən savaşa rəğmən, İranın Rusiya ilə məlum Şimal-Cənub Dəhlizinin qurulması üçün bu bölgədə nəqliyyat infrastrukturunu genişləndirmək naminə Füzuli ərazisi daxil bir neçə yaşayış məskənlərinin azad olunacağına şübhə yoxdur: "Bunu əminliklə deyirəm. Regiondakı bəlli status-kvo vəziyyəti Rusiya və İranın maraqlarına çox böyük zərbə vurur. Nə var ki, Füzulinin müəyyən hissələrində ermənilərin 5-6 hərbi birləşməsi əyləşib. Bunun nəticəsində İranı və Rusiyanı əhatə edən bölgələrdə Çindən ABŞ-a qədər qüvvələr böyük layihələr həyata keçirir, amma İranla Rusiya o prosesdən kənarda qalırlar. Ona görə də bir Ermənistanın istəyi naminə bu iki dövlət öz planlarında geri durası deyillər. Bu baxımdan Füzuli də daxil, bir neçə rayonun azad edilməsi realdır. Bundan sonra yəqin ki, "ölü" nöqtədən tərpənmə fonunda Ermənistanın özünü də bu izoliyasıyadan çıxarmaq üçün onu kommunikasiya xətlərinə qoşmaq istəyəcəklər. Hətta bəlkə də Ermənistanın özünü belə həmin dəmiryolu layihələrinə qoşacaqlar. Bununla da sülh prosesinin irəliləlməsi üçün regionda Rusiya-İran-Ermənistan-Azərbaycanın birgə bir modeli meydana çıxa bilər. Ancaq Qərbin də buna mütləq reaksiyası olacaq. Hər halda ehtmal ki, Con Kerrinin Cavad Zərifə zəng etməsi, Qarabağ məsələləri ilə bağlı müzakirələr aparması məhz geopolitik və geoekonomika ilə birbaşa bağlıdır. Yəni, ortada sülh planının bütün detalları bəlli olmadığı halda ABŞ-ın prosesləri belə hiss etməsi və buna yönəlik İranı Rusiyanın layihələrindən kənarlaşdırması o deməkdir ki, Qərb Rusiya planının əngəllənməsi üçün İrana da, Ermənistan da təsir göstərə bilər. Çünki, Rusiya modelinin qəbul olunması o deməkdir ki, bölgədə Qərb xeyli sıxışdırılacaq. Vəziyyət bundan ibarətdir".