İtkin gəlinin meyiti bir ay sonra meşədən tapıldı - ƏR CİNAYƏTİ ETİRAF ETDİ

26 May 2016 15:59 (UTC+04:00)

Gülnarə Vəliyevanın meyiti Peterburqun Petrodoveretsk rayonu yaxınlığındakı meşədən tapılıb. Lent.az Rusiyanın "Life" saytına istinadən xəbər verir ki, gənc qadının meyiti meşəlik ərazidən tapılıb. Bu barədə onun həyat yoldaşı Samir Həbibov istintaqa verdiyi ilkin ifadə zamanı bildirib. Samir onu da qeyd edib ki, Gülnarə Vəliyevanı ehtiyatsızlıqdan öldürüb. Hazırda meyit ekspertizaya aparılıb. Məhz bundan sonra ölümün səbəbi bəlli olacaq.

Xatırladaq ki, aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən həmyerlimiz Gülnarə Vəliyevanın həyat yoldaşı saxlanılıb.Bu barədə Lent.az-a onun atası Şücaət Vəliyev məlumat verib

Şücaət Vəliyevin sözlərinə görə, Peterburq polisi onlara əlavə heç bir məlumat verməyib, yalnız onu bilirlər ki, qətlə görə kürəkəni saxlanılıb: "Bizə deyirlər, narahat olmayın, məsələni həll etməyə çalışırıq. Bir neçə gün bundan qabaq yeznəni tutublar. O, qızımı öldürməkdə şübhəli bilinib. Yalnız bizə verilən məlumata görə, o, cinayəti boynuna götürmür. Qızımdan hələ bir xəbər yoxdur. Ölübsə, meyiti hanı?".

Qeyd edək ki, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.