Azərbaycan dünyada daha böyük nüfuz sahibinə çevrilir

27 May 2016 07:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "The Business Year" jurnalı tərəfindən 2015-ci ildə "Dünyada ilin adamı" seçilib. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb. "XXI əsrin layihəsi" olan "Cənub qaz dəhlizi"nin, onun tərkib hissəsi kimi "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib. Bütün bunlar fonunda Prezident İlham Əliyevin 2015-ci ildə "Dünyada ilin adamı" seçilməsi də təbii sayılır.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Prezident İlham Əliyev ən yüksək ödüllərə, mükafatlara layiq bir insandır: "İlham Əliyev təkcə öz fəaliyyətilə Azərbayan xalqı və dövlətini irəli aparan şəxsiyyət, siyasətçi, lider deyil, o bölgə, region, dünyada sülhün, əmin-amanlığın bərqərar olması haqqında da fikirləşir, bu istiqamətdə təşəbbüslərlə çıxış edir. Yəni artıq Prezident dünya miqyaslı bir siyasətçiyə çevrilib.

Prezident İlham Əliyevin sözünün çəkisi, onun nüfuzu bütün beynəlxalq aləmdə qəbul edilir. Hesab edirəm ki, nəinki regionda, eləcə də Avropada həyata keçirilən bütün layihələrin qəbulunda İlham Əliyevlə məsləhətləşirlər. Bu da əbəs deyil. İ. Əliyev bu illər ərzində böyük siyasi yol keçib, böyük siyasi təcrübə toplayıb. Kim fikirləşirsə ki, Azərbaycan kimi coğrafi baxımdan kiçik bir ölkəni idarə etmək asandır, yanılır. Bu gün Azərbaycanı idarə etmək ən böyük dövlətləri idarə etməkdən də çətindir. Çünki geosiyasi vəziyyətinə, digər problemlərinə görə Azərbaycan o dövlətlərdən də daha çox problemlərlə üzləşib. Belə bir vəziyyətdə bu ölkəni idarə etmək, onu qabaqcıl ölkələr sırasına çatdırmaq mümkün olan məsələ deyildi. Amma gördüyümüz kimi cənab Prezident bütün bu məsələlərin öhdəsindən layiqincə gəlib.

İlham Əliyev dünya siyasətinin çox hörmətli söz sahibinə malik bir siyasətçisidir. Azərbaycan iki il BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü oldu. BMT-nin 200-dən çox üzvü var, amma TŞ-nin üzvü olmaq heç də bütün dövlətlərə nəsib olmayıb. Azərbaycanın müstəqillik tarixi qısa olsa da, belə bir mötəbər qurumda mühüm qərarların qəbulunda yaxından iştirak etmək hüququ qazandı. BMT yaranandan bəri ora üzv ölkələr var ki, bu günə qədər TŞ-nin qeyri-daimi üzvü olmaq arzusuna belə çata bilməyib. Azərbaycan çoxsaylı siyasi, mədəni, idman tədbirlərinə ev sahibliyi edib. Avropa tarixində ilk Avropa Oyunları ölkəmizdə keçirildi. Bu da Azərbaycanın nüfuzu deməkdir.

Bu yaxınlarda ölkəmizdə BMT-nin Sivilizasiyalararası Qlobal Forumu da baş tutdu. Həmin tədbir də yüksək səviyyədə təşkil olundu. Belə siyasi, mədəni, kütləvi, idman tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizin böyük nüfuz sahibi olması, burada əmin-amanlıq, stabillik və inkişafın olmasından xəbər verir. Belə tədbirlərin öhdəsindən gəlmək yüksək təşkilatçılıq qabiliyyəti tələb edir ki, bütün bunlar da Azərbaycanda var. Həmin inkişafın əldə olunması da Prezidentimizin gərgin əməyinin nəticəsidir. Regionla bağlı hər hansı bir məsələ müzakirə olunursa, orada mütləq mənada Azərbaycan dövləti, onun başçısı İlham Əliyevin rəyinmi, fikrini öyrənir, onunla hesablaşırlar. Bu da ölkəmizin artıq nüfuzlu dövlətə çevrildiyinin əyani bir sübutudur".

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva da qeyd etdi ki, Prezidentə verilən "İlin adamı" mükafatı dünyanın Azərbaycana verdiyi böyük qiymətin nəticəsidir: "Cənab Prezidentin "İlin adamı" elan edilməsi Azərbaycanda görülən işlərə, aparılan siyasətə verilən qiymət, ölkəmizin dünyada tanınması və sayılması baxımından önəmli hadisədir. Bu, həm Azərbaycana, həm onun liderinə, həm də görülən işlərə verilən qiymətdir. Dünyada maliyyə böhranı hökm sürən dövrdə Azərbaycan həmin böhranı elə də hiss etmədi, əksinə, o dövrdə də ölkəmizdə iqtisadi inkişaf davam edirdi.

Neftin qiyməti kəskin düşdüyü zaman digər ölkələrdə məvaciblər kəskin azaldı, amma Azərbaycanda bu böhranın da nəticələri o qədər hiss olunmadı. Ölkəmizin Qarabağ məsələsində tutduğu qətiyyətli mövqeyi, xalqın öz liderinə tam inamı, etibarı, onun arxasınca getməyi, ordumuzun cəbhədə əldə etdiyi uğurlar məhz cənab Prezidentin apardığı doğru siyasətin nəticəsidir. Müxtəlif səpkili beynəlxalq forumların, Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin Azərbaycanda keçirilməsi ilə ölkəmiz dünyanın mədəni, idman, siyasi, iqtisadi mərkəzlərindən birinə çevrilib.

Çıxışlarında BMT-ni belə ikili standartlar siyasəti yürütməkdə tənqid etməsi, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb etməsilə cənab Prezident çox qətiyyətli bir lider olduğunu ortaya qoydu. Mürəkkəb bir zamanda, Ukraynada cərəyan edən hadisələr, Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu, Moskva ilə Ankara arasında münasibətlərin korlandığı, ərəb aləmində mürəkkəb proseslərin getdiyi bir zamanda tarazlaşdırılmış siyasət yürütmək, müvazinəti mahir şəkildə saxlamağı bacarmağın özü böyük hünər tələb edir. Bu gün Azərbaycan həm Rusiyanın strateji tərəfdaşıdır, eyni zamanda Türkiyə ilə ən yaxın əlaqələrimiz var. İranla dostluq, mehriban qonşuluq əlaqələri davam edir. Bunlar da böyük ustalıqla aparılan siyasətin nəticəsidir".