"Qarabağ" 3 futbolçu ilə yeni müqavilə imzaladı

27 May 2016 11:32 (UTC+04:00)

Dünən "Neftçi" üzərində qələbə qazanaraq, ardıcıl 2-ci dəfə Azərbaycan Kubokunun qalibi olan "Qarabağ"da daha 3 futbolçunun taleyinə aydınlıq gəlib.

Movqe.az goal.az-a xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov verib.


44 yaşlı çalışdırıcı müqavilə müddəti başa çatan 3 oyunçunu komandada saxlamaq qərarına gəldiklərini söyləyib. Bunlar müdafiəçilər İlqar Qurbanov, Ansi Aqolli və yarımmüdafiəçi Muarem Muaremdir. Adıçəkilən futbolçuların hər biri ilə yeni 1 illik saziş imzalanıb.


Başa çatan mövsümün qış fasiləsində "Əskişəhərspor"dan qayıdan Muarem həmin vaxt 6 ay + 1 illik müqavilə imzalamışdı. Yəni məşqçilər korpusu məmnun qalacağı təqdirdə onun anlaşması avtomativ uzadılacaqdı. Qurbanov da makedoniyalının komandada saxlanılmasını istəyib.


Bununla da Ağdam klubunda müqavilə müddəti başa çatan oyunçu qalmayıb. Yalnız Samuel Armenterosun sözləşməsi bitib ki, isveçli forvardla yollar artıq rəsmən ayrılıb.


Ötən mövsümü əsasən əvəzedici heyətdə keçirən mərakeşli Əl-Hərbi Əl Jadeyuinin taleyinə isə hələ aydınlıq gəlməyib. 30 yaşlı futbolçunun müqavilə müddəti davam etdiyindən, hələlik onu yola salmaq mümkün deyil. Ancaq Əl-Hərbinin Qurban Qurbanova lazım olmadığı gün kimi ortadadır. Əl Jadeyuini razı salmaq mümkün olsa, onunla da yollar ayrılacaq.