Baş onkoloq: "Səyyar müayinələrdə 5 şübhəli onkoloji xəstə aşkarlanıb"

27 May 2016 15:32 (UTC+04:00)

Artıq ikinci gündür ki, paytaxtın Binəqədi rayonu ərazisində, 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında, əhalinin Səyyar Diaqnostika Kompleksi vasitəsilə onlokoloji müayinəsi keçirilir. Movqe.az-ın məlumatına görə, Milli Onkologiya Mərkəzinin mütəxəssislərindən ibarət ixtisaslaşmış onkoloqların müayinələrindən keçmək üçün, bu gün xeyli sayda rayon sakini tibb müəssisəsinin həyətinə üz tutmuşdu. 

Ərazidə iki Səyyar Diaqnostik Kompleks vasitəsilə onkoloji müayinə üçün üz tutan vətəndaşlara tibbi xidmət göstərilirdi. Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimi ilə söhbət zamanı öyrəndik ki, mayın 26-dan start verilən Səyyar Diaqnostika Kompleksi vasitəsilə bir gündə 502 onkoloji müayinə aparılıb. Bunların arasında 5 nəfər onkoloji şübhəli xəstə aşkarlanıb: "Biz bu gün müayinələri başa çatdırdıqdan sonra, o xəstələri Milli Onkologiya Mərkəzinə dəvət edərək, tam müayinələrdən keçirəcəyik. Onların içində uşaqlıq boynu xərçəngi və süd vəzi xərçəngi ilə bağlı şübhəli xəstələr var".

A. Kərimli bildirdi ki, 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında təşkil edilən Səyyar Diaqnostika Kompleksinin əsas məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir: "Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Bildirək ki,skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu var. Qeyd edim ki, kompleksin tərkibində mammoqrafiya, rentgen aparatları və  ultrasəs aparatı var. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası müayinələri aparılır".

A. Kərimli Milli Onkologiya Mərkəzinin bu cür yüksək səviyyəyə gəlib çatmasında ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstək və qayğısının böyük olduğunu da vurğuladı. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzi artıq dünyanın bir sıra ölkələri ilə onkoloji xəstəliklərin müayinə və müalicəsində qarşı-qarşıya gəlmək iqtidarındadır. Həmsöhbətimiz xərçəng xəstəliyinə qarşı profilaktik məqsədlə keçirilən bu cür səyyar yoxlamaların xərcəngə mübtəla olma hallarını aşağı saldığını söylədi: "Hər bir xəstəlikdə olduğu kimi, xərcəng xəstəliyi də erkən aşkarlandıqda, yaxud bu xəstəliyə risk olduğu üzə çıxdıqda müalicə effekt verir. Bu cür profilaktik müayinələr xərcəng xəstəliyinin yayılmasının, artmasının qarşısını alır. Ona görə də, biz bölgələrdə də, bu cür Səyyar Diaqnostika Komplekslər vasitəsilə mobil onkoloq həkim qrupu ilə birgə müayinələr aparırıq. Bu, xərcəng xəstəliyinin pfofilaktikası məqsədi daşıyır. 15-16 nəfərdən ibarət yüksək ixtisaslı onkoloqlar Səyyar Diaqnostik Komplekslər vasitəsilə əhalinin onkoloji müayinəsini aparır".   

Səyyar Diaqnostika Kompleklərin qarşısında isə müayinə olunmaq üçün növbəyə gözləyənlər çox idi. Bu gün rayon ərazisində onkoloji müayinənin səyyar formada aparılmasının son günü olduğundan, hər kəs müayinə olunmaq üçün növbəyə yazılırdı. Onlardan biri, Fatma Bədəlova da qapısına qədər gələn bu fürsətdən yararlanmaq üçün üz tutduğunu söylədi: "Xeyli müddətdir ki, onkoloji müayinədən keçmirdim. Eşitdim rayonumuzda gəlib əhalini müayinə edirlər. Məni də süd vəzim narahat edir. Əvvəl də süd vəzimdə fibroz-kistoz düyünə görə müalicə olunmuşam. Həkim də deyir ki, ildə bir dəfə süd vəzi mammoqrafiya olunmalıdır. İndi 48 yaşım var. İki ildi mammoqrafiya olunmuram. Ona görə də, mammoqrafiya üçün növbə tutmuşam". 

Milli Onkologiya Mərkəzinin rentgen-texniki Könül Məmmədova da, rayon əhalisini onkoloji müayinədə fəal olduğunu söylədi. Onun sözlərinə görə, artıq ikinci gündür ki, təşkil olunan səyyar müayinədən keçənlərin çoxu qadınlardır: "Burada mammoqrafik müayinə, ağciyərin rentgeni, ginekoloji baxış da təşkil olunub. Eyni zamanda Milli Onkologiya Mərkəzinin baş böyun şöbəsinin cərrahları, abdominal cərrahlarımız da mobil qrupda var".  

Milli Onkologiya Mərkəzinin həkim radioloqu Aynur İmanova isə səhər saatlarından 12:00-a dək, birinci Səyyar Diaqnostik Kompleksdə rentgen və mammoqrafik müayinələrdən 15 nəfərin keçdiyini söylədi. Onun sözlərinə görə, onkoloji müayinələr üçün əsas müraciət süd vəzinin mammoqrafiyası ilə bağlıdır. A. İmanova bəzi insanların mammoqrafiya və uzidə onkoloji müayinədən çəkindiyini də söyləyib: "Bəzi insanlar müayinədən keçməyə ehtiyat edirlər. Elə hesab edirlər ki, mammoqrafik müayinə, yaxud ultrasəs müayinəsi aparatları onlara şüa ötürərək bu xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu qətiyyən belə deyil. Çünki, ildə bir dəfə mammoqrafik müayinə zamanı insan bədəninə ötürülən şüa norma sayıldığından, xəstəliklərə səbəb ola bilməz".

A. İmanovanın sözlərinə görə, süd vəzi xərçənginin cavanlaşmasını nəzərə alaraq, qadınlar 35 yaşdan sonra ildə bir dəfə mammoqrafik müayinədən keçməlidirlər: " Əvvəl mammoqrakif müayinə üçün 40 yaş tövsiyyə olunurdu. Amma son zamanlar süd vəzi xərçəngi cavanlaşdığından, 35 yaşdan yuxarı mammoqrafik müayinədən ildə bir dəfə keçmək tövsiyyə olunur. 50-55 yaşdan sonra isə, əgər mamoloqun tövsiyyəsi olarsa, iki-üç ildən bir mammoqrafik müayinə təyin olunur. 35 yaşa qədər isə qadınlar süd vəzinin ultrasəs müayinəsindən keçməlidirlər".

A. İmanova süd vəzinin erkən aşkarlanmasında ultrasəs və mammoqrafik müayinənin çox vacib olduğunu deyir. Onun sözlərinə görə, erkən aşkarlanma süd vəzi xərcəngindən ölüm faizinin kəskin şəkildə aşağı endirir: "Əksər hallarda qadınlar süd vəzinin müayinəsindən ehtiyat edirlər. Amma düşünmürlər ki, bu müayinə qadınlar arasında son illər dünyada geniş yayılmış süd vəzi xərçəngindən ölüm riskindən xilas edə bilər".  

Milli Onkologiya Mərkəzinin onkoginekoloqu Könül Mərdanova isə bu gün 14 xəstənin müayinədən keçdiyini söyləyib. Onun sözlərinə görə, dünən bu rəqəm 36 olub. K. İmanova uşaqlıq boynu xərçəngində də erkən aşkarlanmanın, ginekoloq və ultrasəs müayinəsinin vacib olduğunu bildirib. 

Bu gün təşkil olunan səyyar müayinədə müraciət edənlərdə qalxanabənzər vəzin də müayinəsi aparılırdı. Milli Onkologiya Mərkəzinin həkimi Fariz Şahməmmədov bildirdi ki, qanxanabənzər vəzin xəstəlikləri ölkədə artdığından, bu gün iki ultrasəs aparatı ilə səyyar müayinə aparılır.

A. Kərimli isə iki gün müddətində keçirilən səyyar onkoloji müayinələrdə təkcə Milli Onkologiya Mərkəzində qeydiyyatda olan onkoloji xəstələrin yox, bütün əhalinin yoxlanıldığını söyləyib. Onun sözlərinə görə, son vaxtlar qalxanabənzər vəzin xəstəlikləri artdığından, müraciət edənlərdə qalxanabənzər vəzin də müayinəsi aparılır.