ADNSU ilə Xarkov universiteti arasında müqavilə imzalandı

27 May 2016 16:42 (UTC+04:00)

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Xarkov Yeyinti və Ticarət Universiteti (XYTU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə sənədini Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən rektor, professor Mustafa Babanlı, Xarkov Yeyinti və Ticarət Universitetindən rektor Çerevko Aleksandr İvanov imzalayıblar. Universitetlərarası əməkdaşlıq əlaqələrinin qurulmasında əsas məqsəd beynəlxalq əlaqələrin inkişafı, təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi, eyni zamanda ixtisaslı kadrların keyfiyyətinin artırılmasıdır. Rektor, professor Mustafa Babanlı Xarkovun Dövlət Yeyinti və Ticarət Universitetinin rektoru, professor Aleksandr Çerevko ilə görüşü zamanı rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib, beynəlxalq əlaqələr sistemində qurulan uğurlu əlaqələrdən, bu istiqamətdə həyata keçirilən layihələrdən söz açıb. Rektor qeyd edib ki, ADNSU dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirir.

ADNSU-da olmaqdan məmnunluğunu dilə gətirən professor Aleksandr Çerevko bu universitetlə əlaqələri genişləndirməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirib. Görüş çərçivəsində ADNSU ilə Xarkov Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Müqavilədə iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur.