Afrika İttifaqının mənzil-qərargahında 28 May – Respublika Günü qeyd edilib (FOTO)

28 May 2016 11:15 (UTC+04:00)

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən və Afrika qitəsinin 54 ölkəsini özündə birləşdirən Afrika İttifaqının mənzil-qərargahında 28 May - Respublika Günü təntənəli şəkildə qeyd edilib.


Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyindən Movqe.az-a verilən məlumata görə, tədbirdə Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi, Afrika İttifaqının Qadınlar, gender məsələləri və inkişaf üzrə baş idarəsinin rəisi xanım Leyla Ben Əli, Afrika İttifaqı Komissiyasının Protokol İdarəsinin rəisi xanım Simon Abala, Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Baş nazirin müşaviri Dr. Fasil Nahom, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, ölkənin aparıcı media nümayəndələri və ölkəmizin ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunları iştirak ediblər.


Azərbaycan, Efiopiya və Afrika İttifaqının himnlərinin səslənməsi ilə başlanmış tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu qeyd edərək, onun Azərbaycan üçün xüsusi tarixi önəm daşıdığını bildirib. Azərbaycanın hər bir sahədə əldə etdiyi uğurlarından və dinamik inkişafından danışan səfir E.Abdullayev, bunun əsasında dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin dayandığını xüsusi vurğulayıb. O, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirildiyini qeyd edib.


Ermənistanın ölkəmizə qarşı təcavüzündən bəhs edən səfir E.Abdullayev, Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti və mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qonaqların diqqətinə çatdırıb.

Tədbir zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.