Hətta aşpaz belə bu ölkədə prezident ola bilər...

29 May 2016 12:00 (UTC+04:00)

Rusiya Dövlət Dumasının Avrasiyaya inteqrasiya və MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski Ukrayna təyyarəçisi, Ali Radanın üzvü Nadejda Savçenkonun prezident olmaq istəyini şərh edib.


O, istənilən adamın Ukraynanı idarə edə biləcəyini deyib.


"Ukraynada hələlik real rəhbərlik okeanın o tayındakı kuratorların əlindədir. Ölkə kənardan idarə olunur. Bu şəraitdə ölkəyə hər kəs nominal olaraq rəhbərlik edə bilər, bağışlayın hətta aşpaz belə", - Dövlət Dumasının üzvü qeyd edib.


Deputatın fikrincə, Ukrayna reallığını nəzərə alsaq, Nadejda Savçenko prezident kreslosuna "mükəmməl namizəd"dir.


Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, pilot Nadejda Savçenko bu gün keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti olmağa hazır olduğunu bildirib: "Ukraynalılar, sizə lazımdır ki, mən prezident olum? Yaxşı, mən prezident olacağam. Mən uçmağı sevirəm. Amma əgər prezident olmaq lazımdırsa, mən bunu edəcəyəm".


Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə azad edilib.


Elə həmin gün Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında petitsiya yerləşdirilib. Onlar Poroşenkodan postunu Savçenkoya güzəştə getməyi istəyiblər. "Məhz belə insanlar dövlətimizi idarə etməlidir", - müraciətin müəllifləri yazıblar.