Xalası oğlu Riyad Əliyevdən imtina etdi

31 May 2016 14:00 (UTC+04:00)

Özünü Təfəkkür Universitetinin təsisçilərindən biri və bu universitetin Kiyev filialının rektoru adlandıran, hüquq-mühafizə orqanları tərəfindən 2014-cü ilin noyabr ayında beynəlxalq axtarışa verilən Riyad Əliyevin xalası oğlu Həsənov Ramin Akif oğlu ondan imtina edib. Bununla bağı yaydığı bəyanatda R.Həsənov qeyd edib ki, Riyad Əliyevin fikirlərini bölüşmür: "Mən azərbaycanlıyam, millətim, torpağım, dövlətimlə həmişə fəxr etmişəm. Dövlətimizin həm daxili, həm də xarici siyasətini bəyənmişəm. Bu siyasəti aparan, daxildə v ə xaricdə xüsusi hörməti və nüfuzu olan cənab prezidentimizi həmişə alqışlamışam. Ölkəmizin hər guşəsində böyük quruculuq işləri gedir, şəhər və kəndlərimiz abadlaşır, yeni  iş yerləri açılır. Bununla bərabər digər sahələrdə də uğurlarımız göz qabağındadır. Ordu quruculuğu sahəsində daha böyükdür. Mən bir az əvvəlki hadisələri xatırlatmaq istəyirəm. 2016-ci ilin aprel ayında cəbhədə atəşkəsi pozan ermənilər elə böyük məğlubiyyətlə üzləşdilər ki, bunu heç vaxt unutmayacaqlar. Bax bu, cənab prezidentimizin şəxsən özünün rəhbərliyi altında həyata keçirdiyi ordu quruculuğu işinin nəticəsi idi. Bunu danmaq olarmi? Bunu görməmək sadəcə, paxıllıq və nankorluqdur. 

Amma dövlətimizin, prezidentimizin bu uğurlarını görmək istəməyən qüvvələr də tapılır. Onlar ölkə daxilində, xalq arasında dəstək qazana bilməyib Avropaya qaçıb, böhtan-şər xarakterli yazılarla ayrı-ayrı xarici saytlarda çıxış edirlər. Belə adamlardan biri də qohumum, xalam oğlu Əliyev Riyad Mahir oğludur. Mən və bizim ailəmiz dövlətimizə qarşı bu cür böhtan xarakterli yazılara öz etirazımızı bildirir və bundan hiddətlənirik. Vətənimizin torpağında göz açan, onun suyundan içib, çörəyini yeyib, sonra da ona xəyanət edənləri lənətləyirik. Riyad və onun kimilərə bu torpaqda yer yoxdur. Biz bütün dövlət orqanlarından xahiş və tələb edirik ki, onun tutulub ölkəyə gətirilməsi barədə ciddi tədbirlər görsünlər. Belə şərəfsizlərə və alçaqlara güzəşt və aman yoxdur. Onlar ədalət və qanun qarşısında cavab verməlidirlər. Riyad və onun kimilərə elə "dərs" vermək lazımdır ki, vətənə xəyanətin, böhtan və şərəfsizliyin nə demək olduğunu yaddan çıxarmasınlar. Ölkə o vaxt qüdrətli və qüvvətli olur ki, xalq və prezident bir yerdə olsun. Bu gün Azərbaycanda prezident və xalq bir yerdədir. Bu vüqarı heç kəs əyə bilməz. 

Sonda bildirirəm ki, mən və ailə üzvlərim uzun müddətdir ailəmizlə əlaqəsi olmayan 1975-ci il təvəllüdlü Əliyev Riyad Mahir oğlundan rəsmi şəkildə imtina edirik".