Azərbaycanın düşmən üzərində hərbi üstünlüyü artır

1 İyun 2016 09:45 (UTC+04:00)

"Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır". Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.

Prezident əlavə etdi ki, biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib: "Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq, təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin".

Siyasilər Prezidentin bu çıxışını ermənilər üçün xəbərdaredici mesaj hesab edirlər. Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı ilk olaraq bildirir ki, Prezident İlham Əliyev çıxışında bir çox məsələlərə toxundu: "Dağlıq Qarabağla bağlı mühüm fikirlər səsləndirdi. Əgər aprel ayının 2-də Azərbaycan Ordusunun Ermənistan ordusunun cəbhə xəttində hücumunun qarşısını alaraq əks hücumla müxtəlif istiqamətlərdə strateji yüksəklikləri ələ keçirməsi qarşı tərəfə hərbi xarakterli mesaj idisə, Prezidentin çıxışı siyasi xarakterli mesajdır. Bütün hallarda Azərbaycanın torpaqlarının Ermənistanın işğal etməsi faktı ilə heç bir zaman razılaşmayacağını və Azərbaycanın torpaq bütünlüyü çərçivəsində problemin həll edilməsində siyasi iradə nümayişi idi.

Son 25 ildə Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilib, müasir silah-sursatlar alınıb, bəzi silah və sursatları Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal edir. Orduda təlim, tərbiyə və nizam-intizam 25 il bundan əvvəlki vəziyyətlə əsla müqayisə edilə bilməz. Psixoloji olaraq da Azərbaycan Ermənistandan bir addım öndədir. Xüsusilə 2-5 aprel hadisələrindən sonra bu daha aydın görünür".

Politoloq əlavə etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan Dağlıq Qarabağ probleminin sülh yolu ilə Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həll edilməsinin vacibliyini dəfələrlə vurğulayıb: "Amma bu, o demək deyildir ki, Azərbaycan sonsuza qədər müzakirələrdə Ermənistanın uzlaşmaz siyasətini qəbul edəcək. Əsasən BMT olmaqla bir çox beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi sənədlər Azərbaycanın müzakirələr nəticə vermədiyi təqdirdə hərbi əməliyyatlara başlayaraq işğal altında olan torpaqlarını azad etməyə imkan verir".

Digər siyasi analitik Arzu Nağıyev bildirdi ki, cənab İlham Əliyev öz çıxışında ermənilərə bir xəbərdarlıq mesajı verdi: "Ən böyük qələbəli müharibədənsə, sülh yolu ilə nəyəsə nail olmaq daha üstündür. Çünki, hər iki tərəf itki verir, maddi və mənəvi ziyan vurulur, vəsait tələb olunur. Təbii ki, biz bu gün şərt diqtə edən tərəf kimi ermənilərdən dəfələrlə artıq üstünlüklərə malikik.

Buna baxmayaraq, Vyana görüşündə də qeyd edildiyi kimi, bu ay müddətində hər iki tərəfdən atəşkəsə riayət edilməli və bu baş tutarsa, ATƏT-in Minsk qrupu həmsədrlərinin və onları təmsil edən dövlətlərin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə beynəlxalq prinsiplərə, o cümlədən istər Madrid və ya digər prinsiplərlə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar davam etdirilməlidir. Tələblər yerinə yetirilməli, rayonlar boşldılmalı və s. Bu, baş verməsə, yenə də cənab Prezidentin qeyd etdiyi kimi, bizim təcavüzkarı sülh masasına əyləşdirmıək üçün hər cür imkan və vasitələrimiz var".