Ermənistana yeni beynəlxalq təzyiqlər başlanır

1 İyun 2016 09:50 (UTC+04:00)

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətə toxunaraq bir sıra maraqlı fikirlər səsləndirib: "Gözləyirik ki, iyun ayında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana ciddi təzyiq göstərsinlər, konstruktiv mövqeyə məcbur etsinlər. Danışıqlar müsbət nəticə verərsə, tərəflər münaqişənin mərhələləli həlli üçün güzəştə gedəcəklər. Sülh danışıqları nəticə verməzsə, status-kvo aradan qaldırılmazsa, müharibə qaçılmazdır. Bunu bütün beynəlxalq aləm bilir. Müharibə başlayacaqsa, Azərbaycan öz torpaqlarını qısa müddətdə azad edəcək".

İyun ayında Minsk qrupunun həmsədr ölkələri Ermənistana ciddi təzyiq göstərməsə, onu konstruktiv mövqeyə məcbur etməsələr, Qarabağ münaqişəsilə bağlı hansı vəziyyət yaranacaq? Politoloq Elxan Şahinoğlunun fikrincə, iyun görüşündə həmsədr ölkələr Ermənistana ciddi təzyiq etməsələr, münaqişə birmənalı olaraq yenidən alovlanacaq: "Minsk qrupunun həmsədr ölkələri Ermənistanı indiki mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa belə məcbur edə bilmirsə, düşünürəm ki, iyunda prezidentlərin görüşünün baş vermə ehtimalı da getdikcə azalacaq. Artıq iyun ayına daxil oluruq. Bir neç gündən sonra prezidentlər görüşməlidir. Masa üzərində təkliflər yoxdursa və bu təkliflər danışıqlar prosesini irəli apara bilmirsə, burada prezidentlər görüşərək nəyi müzakirə edəcəklər ki? Deməli, iyun görüşündə də nəticə olmayacaqsa, yenidən vəziyyətin gərginləşəcəyinin şahidi olacağıq.

Hazırda cəbhə bölgəsində nisbi sakitlikdir, hər iki tərəf atəşkəsə riayət edir. Amma iyundan sonda danışıqlarda nəticə hasil olmasa, vəziyyətin indiki durumda qalacağını söyləmək çətindir".

Politoloq Mais Gülalıyev isə bu qənaətdədir ki, Minsk qrupu tərəfindən Ermənistana təzyiqlər olmayacaq. Ancaq buna baxmayaraq, həmsöhbətimizə görə, cəbhə zonasında da ciddi qarşıdurmalar olmayacaq: "Fikrimcə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana konstruktiv mövqeyə gəlmək üçün elə bir təzyiq göstərməyəcəklər. Sadəcə olaraq, onlar ona çalışacaq ki, danışıqlar davam etdirilsin. Çünki Minsk qrupunun mandatında münaqişədə olan hər hansı bir tərəfə təzyiq etmək səlahiyyəti yoxdur. Bu qurum ancaq məşvərət xarakterli bir qurumdur. Ona görə də həmin qurumun konstruktiv mövqeyə gəlməsi üçün Ermənistana təzyiq edəcəyindən söhbət gedə bilməz. Ancaq məsləhət verən qurum kimi tərəfləri razılığa gəlməyə, atəşkəs rejiminə riayət etməyə sövq edə bilərlər. İyun danışıqlarından sonra da nəzərimcə, cəbhə zonasında heç bir ciddi qarşıdurma gözlənilmir.

Çünki məsələnin həlli üzrə əsas addım atılmaq istiqamətində gedir. O da Rusiya ilə bağlıdır. Rusiya regionda möhkəmlənmək üçün müəyyən tədbirlər planına malikdir. Yəqin ki, həmin tədbirlər planının tərkibində nələrin olduğu yaxın gələcəkdə bəlli olacaq. Minsk qrupundan hər hansı addım gözlənilmir".