Türkiyənin Marmaris bölgəsi Azərbaycan turistlərinə qucaq açır

2 İyun 2016 14:29 (UTC+04:00)

Türkiyənin Egey bölgəsinin turizm potensialının Azərbaycana tanıdılması məqsədilə bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi səfərin iştirakçısı olan jurnalistlər və turizm şirkətləri təmsilçiləri bu ölkədə 10 günlük səfərdə olmuşlar. Onlar bölgənin mədəniyyət, turizm və istirahət- sağlamlıq mərkəzi olan İzmir şəhəri ilə ətraflı tanışlıqdan  sonra Aralıq dənizi sahillərinin incisi sayılan Marmaris şəhərinə gəlmişlər.  Səfərin ilk günündə Azərbaycandan gələn qonaqları qəbul edən Marmaris Şəhər Bələdiyyəsinin başqanı Əli Acar qardaş ölkənin elçilərini salamlamış, bölgənin turizm imkanları ilə ətraflı tanış olmaq üçün onlara hər cür şərait yaradıldığını bildirmişdir. 

  Marmarisin turizm şəbəkəsi ilə tanışlıq çərçivəsində şəhərinturizm- otelçilik biznesi sahəsində fəaliyyət göstərən obyektlərinin rəhbərlərinin və təmsilçilərinin Azərbaycanlı yazarlar və turizm menecerləri ilə görüşündə hər iki ölkənin səyahətçilərinin qarşılıqlı yönləndirilməsi ilə bağlı həllini ğözləyən məsələlər diqqət mərkəzində olmuşdur. Qonaqların məramını yüksək dəyərləndirən Marmaris Bələdiyyəsi başqanının yardımçısı Sedat Kirt şəhərin turizm üstünlüklərini azərbaycanlılar üçün maraqlı edən dəniz, meşə, tarixi yerlər, yüksək rahatlıq, dil, din, mədəniyyət ortaqlığı, turistlərin milli- etnik rəngarəngliyi, sərfəli səfər şərtləri kimi amillərin əlverişli və cəlbedici imkanlar yaratdığını açıqlamış, səmərəli tanıtma işi aparılmasında medianın və turizm menecmentliyinin rolunu vurğulamışdır.

  Marmariş Turizm Otelçiləri Birliyinin başqanı Bülənt Bülbüloğlu qeyd etmişdir ki, qrupun səfərinin davamı olaraq hər iki ölkənin turizm imkanlarının geniş tanıdılması ilə bağlı ardıcıl, çoxyönlü iş aparılmasına ehtiyac var.   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri, "Mədəniyyət.az" jurnalının baş redaktoru Zöhrə Əliyeva, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğlu, İctimai Televiziyanın müxbiri Dilavər Səidov, "Turizm.az" turizm şirkətinin direktoru Murad Kərəmov, "Royal travel" şirkətinin meneceri Ülviyyə Nəcəfova, "Atlas travel" şirkətinin meneceri Pərviz Qasımov və Azərbaycandan getmiş qrupun digər üzvləri ölkəmizdə turizmin inkişafı sahəsində son illərdə əldə edilmiş uğurlar barədə məlumat vemiş, ölkəmizdə yaradılmış turizm şəbəkəsinin Türkiyə, eləcə də Marmaris turistləri üşün maraqlı yönlərini açıqlamışlar. Həmyerlilərimiz Marmarisin nadir turizm potensialının Azərbaycanda qədərincə tanıdılması ilə bağlı görüləsi zəruri tədbirlərdən də danışmışlar.   Diskussiyaya qoşulan Marmaris turizm agentləri Türkiyənin Egey bölgəsi ilə Azərbaycan arasında turizm- otelçilik fəaliyyətinin sahmana salınması, hər iki ölkə üçün fayda gətirməsi üçün təklif və mülahizələrini söyləmiş, qeyd etmişlər ki, hər iki şəhərin qardaşlığı imkanları tam hərəkətə gətirilməlidir.