İTV-də kadr dəyişikliyi: departament rəhbəri getdi

2 İyun 2016 15:58 (UTC+04:00)

İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov vəzifəsindən azad edilib.

Movqe.az-ın aznews.az-a istinadən xəbər verir ki, o, dünən işdən ıxarılıb. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib: "İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə ərizə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq".

İTV-nin baş direktor müavini Şaiq Məmmədov məsələ ilə  bağlı Lent.az-a bildirib ki, E.İbrahimov işdən öz xahişi ilə çıxıb. Onun sözlərinə görə, daha 3 nəfər isə müqavilələri bitdiyi üçün işdən ayrılıb.

İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə isə "Yeni gün"ün keçmiş rəhbəri, tanınmış telejurnalist Rauf Rəcəbov gətirilib. Xatırladaq ki, Elgün İbrahimov sözügedən vəzifəyə 2015-ci ilin aprel ayında təyin edilmişdi. Onun təyinatına qədər isə xəbərlər departamentinin rəhbəri postu təxminən 1,5 il müddətində boş qalmışdı.