“ASAN Viza” sistemi turizmin inkişafında yeni mühüm mərhələ açır

3 İyun 2016 07:00 (UTC+04:00)


Azərbaycan Prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmanda Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza" sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək; "ASAN Viza" sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

"ASAN Viza" sistemi vasitəsilə aşağıdakılar təmin edilir: Elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa "ASAN Viza" sistemi vasitəsilə müraciət etməsi, elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə "ASAN Viza" sisteminə daxil edilməsi, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun "ASAN Viza" sistemi vasitəsilə elektron qaydada ödənilməsi,

elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi, "ASAN Viza" sisteminin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması, elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

Elektron vizaların verilməsinin "ASAN-xidmət"ə həvalə edilməsi Azərbaycanda turizm sektoruna böyük perspektivlər vəd edir. Azərbaycan Turizm Universitetinin prorektoru Eldar Aslanov düşünür ki, atılan bu addım turizm sektoruna müsbət baxımdan təsir edəcək: "Bildiyimiz kimi, "ASAN-xidmət" agentliyi Azərbaycanda milli brend olaraq əhaliyə sosial xidmətlər göstərmək sahəsində ciddi uğurlar əldə edib. Bu xidmətin həyata keçirdiyi idarəetmə təcrübəsi kifayət qədər çevik olmaqla yanaşı, həm də məqsədyönlü, nəticəyönümlüdür. Elektron viza verilməsi sahəsində son bir neçə ilin təcrübəsini götürsək, onun "ASAN-xidmət"ə verilməsi təqdirəlayiqdir. Dünya təcrübəsində də belə hallar var. Bəzi ölkələrin təcrübəsində hətta var ki, onlar bu işi müəyyən şirkətlər vasitəsilə həyata keçirirlər. Bu da prosesin daha çevik təmin edilməsinə və diplomatik xidmətlərdə xərclərin azaldılmasına xidmət edir. Ona görə də elektron vizaların verilməsinin "ASAN-xidmət"ə həvalə edilməsinin ölkəmizdə turizm sektorunun inkişafına müsbət təsir edəcəyi qənaətindəyəm. Bu fonda ölkəmizə gələn xarici ölkə vətəndaşları vizaları daha çevik şəkildə almaq imkanı əldə edəcəklər".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd etdi ki, viza rejimi sahəsində həyata keçirilən bu sadələşdirmə turizmin inkişafına maneə olan baryerlərdən birinin aradan götürülməsi baxımından əhəmiyyətlidir: "Turizmin inkişafı üçün viza rejiminin sadələşdirilməsi çox vacibdir. Beynəlxalq araşdırma və reytinqlərdə də Azərbaycan viza verilməsi baxımından ən mürəkkəb ölkələr sırasında yer alıb. Ona görə də elektron vizaların verilməsinin "ASAN-xidmət"ə həvalə edilməsi çox vacibdir.

Qonşu ölkələrə nümunəsinə fikir versək, görərik ki, oralarda lazımsız vizaların aradan qaldırılması həyata keçirilir. Məsələn, İran və Türkiyə Azərbaycan vətəndaşları üçün viza tətbiq etmir. Halbuki Azərbaycan bu iki ölkə vətəndaşlarına viza tətbiq etməkdə davam edir. Novruz bayramlarında Azərbaycana gələn turistlərin böyük əksəriyyətini İrandan gələnlər təşkil edir. Bu da onu göstərir ki, viza rejiminin tətbiq olunduğu mühitdə İrandan bu qədər turist gəlirsə, deməli, vizasız mühitdə daha çox turistin gələcəyinin şahidi ola bilərik. Yəni, onu nəzərə almalıyıq ki, İrandakı vətəndaşlar ölkəmizə gələn əsas turist kontingentidir. Ona görə də İran və Türkiyə vətəndaşları üçün vizanın aradan qaldırılması məsələsinə baxmaq lazımdır. MDB ölkələri üçün viza yoxdur, ona görə də problemsiz gəlib gedirlər. Bu səbəbdən viza məsələsinin "ASAN-xidmət"ə tapşırılması ilə prosesin sadələşdirilməsi normal haldır. Turizmin inkişafına bu proses müəyyən təsir göstərsə də, bu sahədə real inkişafa nail olmaq üçün digər daha ciddi addımların da atılması vacibdir. Viza rejiminin sadələşdirilməsi əslində, turizmin inkişafı yolunda əngəl olan ilk baryerdir ki, aradan qaldırılır. Bundan başqa, turizm sahəsində müvafiq infrastruktur olmalı, keyfiyyətli xidmətlərin göstərilməsi kimi məsələlər də həll olunmalıdır".