Kiçik payçılar səhmdar cəmiyyətlərdən yenə narazılıq edir

3 İyun 2016 09:45 (UTC+04:00)

Azərbaycanın bazar iqtisadiyyatına daxil olması ilə ölkədə səhmdar cəmiyyətlər də yarandı. Lakin bu günə qədər əksər səhmdar cəmiyyətlərində kiçik payçılara hələ də dividend ödənilmir. Hətta səhmdar cəmiyyətləri gəlirlə işləsə də belə, nədənsə kiçik payçılar bu gəlirdən dividend götürə bilmirlər. Bu problem uzun zamandır ki, mövcuddur və hələ də həllini tapa bilməyib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, səhmdar cəmiyyətlərində kiçik payçıların dividendlərdən məhrum olmasına səbəb sözügedən qurumların işləmə qaydalarında mövcud olan problemlərlə bağlıdır: "Əslində, ölkəmizdə səhmdar cəmiyyətlərin işləmə qaydalarında problemlər var. Yəni, çox zaman səhmdar cəmiyyətlərinin toplantıları belə keçirilmir, səhmdarlar qarşısında hesabatlar verilmir. Hansı ki, həmin hesabatlarda nə qədər dividendlərin olduğu öz əksini tapmalı, ümumi strateji xətt olaraq müəssisənin necə inkişaf etdiriləcəyi, hansı sahələrə investisiya qoyulacağını müəyyənləşdirmək üçün səhmdarlar toplantı keçirməli və ödənişlər etməlidirlər. Amma kiçik səhm sahiblərinin nə toplantılarda iştirakı təmin edilir, nə də dividendlər ödənilir. Çünki bu sahədə mövcud olan mexanizmlər hələ sonuna qədər işlənib hazırlanıb sona çatdırılmayıb".

Həmsöhbətimizə görə, sözügedən sahədə kiçik səhmlərlə bağlı yaşanan problemin birdəfəlik həllinə nail olmaq üçün bu problemi yaradanlarla bağlı müəyyən cəzalar tətbiq olunmalıdır: "Məsələ dəfələrlə qaldırılıb, amma həllini tapmırsa, deməli, proses ciddi məhkəmə qərarları ilə həll olunmalıdır, ya iqtisad məhkəmələri bununla əlaqədar xüsusi qərardad çıxarmalıdırlar.

Kiçik səhmdarlara dividendlərin ödənilməməsi müəyyən cəzalandırmaya səbəb olmalıdır. Belə presedentlər yaradılmalıdır ki, bu sahədə bir irəliləyiş olsun. Cəzalanma mexanizmi olmasa, illərdir mövcud olan problem yenə də həll olmadan qalacaq. Durum xırda səhm sahiblərinin hüquqlarının kökündən pozulması ilə nəticələnir. Səhmdar cəmiyyətlərində, müəssisədə gəlir olubsa və bu vergi şəklində təsdiqini tapıbsa, deməli dividentlər də olub. Axı gəlir olmasa vergi ödənişi olmaz. Vergi ödənişi olub və iri səhm sahiblərinə gəlir gətiribsə, kiçik səhm sahibləri də bu dividendlərdən yararlanmalıdırlar. Yəni səhmdar cəmiyyətinin gəlirlə işləyib-işləmədiyini vergilər yolu ilə təsbit etmək mümkündür".

"Kapital Menecment" İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli isə bu qənaətdədir ki, ancaq şəffaflığın təmin edilməsi fonunda səhmdar cəmiyyətlərində paya sahib olan hər kəs, o cümlədən kiçik payçıların özləri də dividendlərdən yararlana biləcəklər: "Səhmdar cəmiyyətlərinin şəffaflığı, açıqlığı təmin olunmalıdır ki, kiçik səhmdarlar da öz paylarına uyğun olaraq haqları çatan dividendlərə sahib ola bilsinlər. Səhmdar cəmiyyətlərinin səhmləri fond birjasında alınıb satılır. Bu bazar da şəffaflığın tam təmin olunması və onun daim artırılmasını sevir.

Azərbaycanda formalaşan səhmdar cəmiyyətlərinin əksəriyyəti əsasən özəlləşmədən sonra yaranan qurumlardır. Həmin səhmdar cəmiyyətlərində infrastruktur, istehsal imkanları, maliyyə-mühasibatlıq və idarəetmə sistemləri tam şəkildə formalaşmadığı üçün hazırda ciddi şəffaflıq müşahidə etmirik. Belə olanda da əksəriyyətində maliyyə hesabatları düzgün tərtib edilmir. Həmin düzgün tərtib edilməyən maliyyə hesabatlarında isə şirkətlərin mənfəətlə işləmədiyi göstərilir. Mənfəətlə işləmədiyi üçün onların dividend ödəmək imkanları da zəifdir. Bu mənada səhmdar cəmiyyətlərinin idarəetmə sistemində şəffaqlıq təmin olunmadan dividendlərin hər kəsə payına görə bölünməsi məsələsindən danışmaq çətindir. Həmin şəffaflığın təmin edilməsi üçün dünya təcrübəsində şəffaf fəaliyyət göstərən səhmdar cəmiyyətləri üçün vergi, sosial müavinətlə bağlı güzəştlər tətbiq olunur. Ölkəmizdə də müvafiq mexanizmlər təmin olunduğu təqdirdə səhmdar cəmiyyətlərində kiçik pay sahibləri də əldə olunan dividendlərdən özlərinə çatan payı ala bilərlər. İndilikdə kapital bazarında da investorların marağı az olduğundan prosesdə şəffaflığa sahib ola bilmirik. Bu da kiçik payçılarla bağlı həmin problemlərin yaranmasına səbəb olur".