Azərbaycan XİN: Bundestaqda qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə qərəzli və qeyri-obyektivdir

3 İyun 2016 10:52 (UTC+04:00)

Almaniya parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".

 

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya parlamentinin "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnaməni şərh edərkən deyib.  

 

O qeyd edib ki, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı" kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir: "Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir".