Bu çimərlikdə çimmək təhlükəlidir-Polisə müraciət edildi

3 İyun 2016 11:31 (UTC+04:00)

Bakıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən "Duzlu göl" xəstəlik mənbəyidir. Bu ərazidə çimməyə qadağa qoyulması ilə bağlı rəsmi şəkildə Suraxanı rayon Polis İdarəsinə və ərazi üzrə aidiyyatı qurumlara məktub göndərilib".

Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov söyləyib. Z. Kazımov bildirib ki, göldə çimməyə 2006-cı ildən qadağa qoyulub: "Bu il də vəziyyət dəyişmədiyindən qərar qüvvəsində qalıb. Buna baxmayaraq hər il bu gölə müalicəvi məqsədlə insanlar axışır. Ona görə də, rəsmi şəkildə aidiyyatı qurumlara göldə çimməyin yasaqlanması ilə bağlı məlumat vermişik".

Z. Kazımov "Duzlu göl"də müalicəvi məqsədlə qəbul edilən vannaların müsbət, yaxud mənfi nəticə verməsinin hələki təsdiqlənmədiyini söylədi: "Bizə o məlumdur ki, bu göldə antisanitariya şəraiti var. Bu isə göldə çimənləri, vanna qəbul edənlərin təhlükəli viruslara yoluxma riski ilə üz-üzə qoyur. Ona görə də, sözügedən göldə çimməyə qoyulan qadağa bu ildə qüvvədə saxlanıldı".