Almaniya türk dünyası ilə münasibətlərinə ciddi zərbə vurdu

4 İyun 2016 09:15 (UTC+04:00)

Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanıması bu ölkənin də tarixdə olmayan bir olay üzərində siyasi oyunlar qurub Türkiyəyə qarşı çıxanlardan biri olduğunu göstərdi . Bu addım ilə Almaniya həm də Türkiyəyə qarşı böyük bir xəyanətə imza atdı. Halbuki müəyyən başqa dövlətlərin belə bir avantüraya gedəcəyi mümkün olsa da, Berlinin buna yol verəcəyi elə də ağlabatan görünmürdü. Ən azından ona görə ki, Berlinlə Ankara arasınsa əlaqələr daha sıxdır və Almaniyada çoxsaylı türk yaşadığından onların almanlara təsir dairəsi də genişdir. Lakin bütün bunlara baxmayaraq, Bundestaq təəssüf ki, öz tarixində ən böyük səhvlərdən birinə imza atdı.

Bəs, Bundestaqın atdığı bu addım Almaniyanın Türkiyə və ümumiyyətlə, türk dünyası ilə münasibətlərinə necə təsir edəcək?


Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev Berlinlə Ankara arasında Bundestaqın həmin addımından sonra da münasibətlərin pozulmayacağı qənaətindədir: "Hazırda dünya siyasətində nə desən, baş verir. Bu kimi hadisələr təzə baş verən anlarda böyük rezonansa səbəb olur. Bir qədər keçdikdən sonra isə tədricən də olsa, etirazlar soyuyur. Türkiyə çalışdı ki, Almaniyanın belə bir addım atmasının qarşısını alsın, amma ala bilmədi.

Əvvəllər də bu məsələ gündəmə gətiriləndə onun saxlanılmasına nail olunmuşdu. Amma indi bunun əksi baş verdi. Niyə belə oldu? Çünki bunların hamısı geosiyasətlə bağlıdır. O zamanlar Türkiyəyə qarşı belə addımlara getmək olmazdı. Amma indi fürsət düşdü və Almaniya Türkiyənin üzərinə getdi. Hər kəsə məlum idi ki, burada səs çoxluğu əldə olunacaq və bu da baş verdi. Türkiyənin bütün cəmiyyəti, siyasəti, kürdyönümlü təşkilatlardan başqa, prosesin əleyhinə oldu.

Almaniya Avropanın ən güclü iqtisadiyyatına malik ölkəsidir. Türkiyə də güclü iqtisadiyyata sahibdir. Onlar arasında böyük iqtisadi-ticari münasibətlər yaranıb. İndiki mərhələdə Almaniya çalışacaq ki, Türkiyəyə baş verən olayın ikitərəfli münasibətlərə o qədər təsirinin olmayacağını anlatsın. Türkiyə tərəfi isə təbii ki, imkanları daxilində müqavimət göstərəcək. Amma bu, o demək deyil ki, onların münasibətləri pozulacaq. Etirazlar soyuyandan sonra çox məsələlər yoluna qoyulacaq.

Berlinin atdığı bu addım ermənilərə verilən dəstəkdir. Ermənilər qondarma "soyqırımın" 100 illiyində Almaniyadan bu qərarı ala bilmədilər. İndi isə buna nail oldular. Ermənistandakı tör-töküntülər də bundan sevincək olublar. İndiki həssas məqamda onlar bunu özlərinə bir dəstək hesab edirlər. Türkiyə və Azərbaycan təbliğatı geniş mənada Avropa, Amerikada, Almaniyanın özündə erməniliyin bütün zəif nöqtələrinə həmişə informasiya zərbələri vurmalıdırlar. Çünki onlar əl çəkən deyillər. Həmçinin ermənilər qondarma "soyqırımla" da spekulyasiya edir, bir əsr öncə olmuş hadisələri təhrif etməklə onu dünyaya sırımağa çalışırlar. Bu, dünyada hər kəsə bəllidir. Bütün hallarda Türkiyə öz yerindədir və öz siyasətini aparır, aparacaq da. Türkiyə bütün məsələləri müzakirə edəndən sonra əsas addımları atacaq. Baxaq görək əsas addımlar da nə olacaq".

Politoloq Elşən Mustafayev isə bildirir: "İndiyə kimi bəzi ölkələrin parlamentləri qondarma "erməni soyqırımı"nı tanıyıb. Amma Almaniya tərəfindən belə bir qərarın verilməsini çoxları gözləmirdi. Çünki həmin hadisələr baş verən dövrdə Almaniya Osmanlı İmperiyasının müttəfiqi idi. Eyni zamanda, zaman-zaman Almaniya siyasətçiləri həmin olayı heç zaman "soyqırım" kimi təqdim etməyib.

Almaniya Bundestaqı tam olaraq kansler Angela Merkelin partiyası və ona qoşulan koalisiyanın əlindədir. Yəni konkret olaraq Merkelin istəyi olmasaydı, bu məsələ baş tutmazdı. Hesab edirəm ki, bu, Almaniyaya qarşı kənardan olan təzyiqlərin nəticəsidir.

Amma Berlin anlamalı idi ki, belə qərar verməklə digər ölkələrdən fərqli olaraq Türkiyə ilə münasibətlərinin korlanması onun özünə güclü zərbə vuracaq. Demək olar ki, Almaniyada mövcud olan orta biznesin əhəmiyyətli hissəsi orada yaşayan türk vətəndaşlarının idarə etdiyi biznesdir. Almaniya iqtisadiyyatının bəlli bir hissəsi məhz türk kapitalından formalaşır. Hazırda Avropada, xüsusən də Almaniyanın özündə Suriyadan gələn qaçqınlarla bağlı ciddi narazılıq hökm sürür. Bilirsiniz ki, ilk olaraq onlara qucaq açan da məhz Merkel olub. Lakin bu axının artması onları məcbur etdi ki, Türkiyə ilə razılığa gəlsinlər. Almaniyanın bu qərarından sonra isə Ankaranın həmin qaçqınlar məsələsində əldə olunan razılıqdan geri çəkilməsi Avropa və Berlinin özü üçün də ciddi fəlakət olacaq. Almaniya bu addıma getməklə ilk olaraq özünə zərbə vurdu. Çünki Türkiyənin adekvat cavabı olacaq.

Yaxın gələcək üçün Türkiyə Avropaya inteqrasiya ideyalarından əl çəkəcək. Ankara ilə Berlin arasında diplomatik münasibətlərin kəsiləcəyini düşünmürəm. Amma digər sahələr üzrə Ankara yaxın dövrdə Berlinə qarşı ciddi adekvat addımlarını atacaq və bu addımlar indiyə kimi digər ölkələrə münasibətdə Türkiyənin atdığı addımlardan fərqli olacaq. Azərbaycan da bu məsələyə xüsusi diqqət yetirməlidir. Bu gün Türkiyəyə olan bu basqılar sabah Azərbaycana da ola bilər. Azərbaycan soyqırıma məruz qalan ölkə olaraq bu məsələ ilə bağlı Avropanın üzərinə getməlidir".